AZ

Avropada elektromobillərin satışı rekord göstəriciyə çatıb

Bakı, 14 aprel, AZƏRTAC

Mart ayında Avropada elektrik mühərriklə işləyən nəqliyyat vasitələrinin satışı yarım milyonu keçib.

AZƏRTAC “Benchmark Mineral Intelligence” analitik şirkətinin məlumatına istinadla xəbər verir ki, ötən ay Avropada elektrikli nəqliyyat vasitələrinin satışı ilk dəfə yarım milyonu keçərək 540 minə yaxınlaşıb.

Bu göstərici əvvəlki aya nisbətən 72 faiz, illik müqayisədə isə 37 faiz artım deməkdir. Böyük Britaniya, Belçika, Finlandiya, Fransa, İtaliya, Portuqaliya və İspaniya rekord satışlara malik ölkələr olub. İlin birinci rübündə isə Avropada elektrikli nəqliyyat vasitələrinin satışları 27 faiz artaraq 1,2 milyona yüksəlib.

Məlumatlara görə, mart ayında dünyada 1,75 milyon elektrikli nəqliyyat vasitəsi satılıb. Ötən ayın satışları aylıq müqayisədə 66 faiz, illik müqayisədə isə 3 faiz artım göstərib. Martda müşahidə olunan artıma baxmayaraq, ilin birinci rübündə qlobal miqyasda elektrikli nəqliyyat vasitələrinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 4 milyon olub. Hesabat dövründə Çində satışlar 21 faiz azalaraq 1,9 milyona, Şimali Amerikada 27 faiz geriləyərək 320 minə düşüb, dünyanın qalan hissəsində isə 79 faiz artaraq 600 minə çatıb.

Mütəxəssislərin fikrincə, martda Avropada rekord göstəricidə - yarım milyondan çox elektrikli nəqliyyat vasitəsinin satılması ilə ən güclü ay yaşanıb. “Köhnə qitədə” elektromobillərin satışında rekord göstəricinin qeydə alınması Yaxın Şərqdəki münaqişə fonunda neft tədarükünün pozulması səbəbindən yanacaq qiymətlərinin artması və subsidiya proqramlarının təsiri ilə elektrikli nəqliyyat vasitələri almağa marağın artması ilə əlaqədardır. Struktur təzyiqlərinin dünya miqyasında elektrikli nəqliyyat vasitələrinin satışlarına təsir göstərməyə davam etdiyi və regional fərqlərin açıq şəkildə müşahidə olunduğu bildirilib.

Seçilən
12
3
azertag.az

4Mənbələr