AZ

Qiymət artımı gözləniləndir, çünki...

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinin sərtləşdirilməsi və gigiyenik normalara nəzarətin artırılması həm məhsul keyfiyyətinin yüksəldilməsinə, həm də satış prosesində yeni qaydaların tətbiqinə səbəb olur. Bu barədə AQTA məlumat yayıb.Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, qida təhlükəsizliyi tələblərinin və nəzarət mexanizmlərinin gücləndirilməsi bazar iqtisadiyyatı baxımından müsbət tərəfləri var:“Amma müəyyən əlavə xərclər yaradan prosesdir. Bu dəyişikliklərin qiymətlərə təsiri bir neçə əsas səbəblə izah olunur. İlkin mərhələdə qiymət artımı gözləniləndir. Çünki yeni standartların tətbiqi, yəni saxlanma şəraitinin yaxşılaşdırılması, soyuducu sistemlərin qurulması, məhsulların daşınma qaydalarının təkmilləşdirilməsi, laborator analizlərin aparılması sahibkarlar üçün əlavə xərclər yaradır. Nəticədə, bu xərclər məhsulun qiymətinə təsir edən əsas amillərdən birinə çevrilir. Bundan əlavə, infrastruktur xərcləri də mühüm rol oynayır. Bazarların və sexlərin müasir, gigiyenik avadanlıqlarla təmin olunması üçün çəkilən xərclər məhsulun maya dəyərinə birbaşa təsir göstərir. Digər tərəfdən, sertifikatlaşdırma, mütəmadi yoxlamalar və sənədləşdirmə prosesləri üçün sərf olunan resurslar da qiymət artımına təsir edən amillər sırasındadır”.O qeyd edib ki, bu standartların tətbiqinin müsbət tərəfləri də kifayət qədərdir:“Belə ki, məhsulların daha uzun müddət saxlanılması, keyfiyyətinin qorunması və ümumilikdə qida təhlükəsizliyinin təmin olunması baxımından bu dəyişikliklər əhəmiyyətlidir. Eyni zamanda, beynəlxalq standartlara uyğun istehsal olunan məhsulların ixrac potensialı artır, bu isə yeni bazarlara çıxış imkanlarının genişlənməsi deməkdir. Bununla yanaşı, ailə kəndli təsərrüfatları və özünəməşğulluq fəaliyyəti ilə məşğul olan şəxslər mütləq şəkildə nəzərə alınmalıdır. Problemin əsas tərəflərindən biri ondan ibarətdir ki, iri zavod və sexlər üçün nəzərdə tutulan eyni tələblər kiçik ailə təsərrüfatlarına da tətbiq olunur. Halbuki, kiçik həcmli istehsalla məşğul olan ailələr üçün bu standartların maliyyə yükü olduqca ağırdır. Əvvəllər, xüsusilə sovet dövründə, insanlar öz evlərində hazırladıqları məhsulları, turşu, mürəbbə və digər ərzaqları bazarlarda sərbəst şəkildə sata bilirdilər. Bu gün isə həmin kiçik istehsalçılar iri müəssisələrlə eyni maliyyə və inzibati tələblərlə üz-üzə qalırlar ki, bu da onların fəaliyyətini çətinləşdirir. Aydın məsələdir ki, bu kateqoriyaya aid olan insanlar iri zavodlar kimi yüksək məbləğdə sertifikat və xidmət haqları ödəyə bilməz və ödəməməlidir də. Qərarlar qəbul edilərkən mütləq balans qorunmalı, xüsusilə ailə təsərrüfatlarının maraqları nəzərə alınmalıdır. Çünki ölkənin ərzaq təminatında bu təsərrüfatların payı kifayət qədər böyükdür. Son illərdə idxaldan asılılığın artmasının səbəblərindən biri də məhz kiçik təsərrüfatların zəifləməsi və bazardan çəkilməsidir. Əgər bu məqamlar düzgün nəzərə alınarsa, qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatların müsbət tərəfləri daha qabarıq şəkildə özünü göstərə bilər və həm istehlakçılar, həm də istehsalçılar üçün daha balanslı və dayanıqlı bir sistem formalaşa bilər”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr