Özbəkistanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Arzu Cavadova “Özbəkneftqaz” ASC İdarə Heyətinin sədri Abdugani Sanginov ilə görüşüb. Söhbət zamanı Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığına uyğun olaraq şirkətlər arasında ikitərəfli əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub.
Tərəflər əlaqələrin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair müzakirələr aparıblar. “Üstyurt” kəşfiyyat sahəsində geoloji kəşfiyyat üzrə birgə layihənin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, öncəki görüşdən etibarən əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir və mühüm nəticələr əldə olunub. Xüsusilə, birgə fəaliyyət haqqında saziş imzalanıb, həmçinin onun həyata keçirilməsi üçün bütün zəruri korporativ təsdiqlər alınıb. Danışıqların yekunlarına əsasən, tərəflər əməkdaşlığın daha da möhkəmləndirilməsinə və mövcud layihələr çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
Xatırladaq ki, 2024-cü ilin avqust ayında “Özbəkneftqaz” və SOCAR karbohidrogen sənayesində əməkdaşlıq barədə saziş imzalayıblar. Bu sənədlə geoloji tədqiqatlara, o cümlədən seysmik kəşfiyyata və Üstyurt yaylasında karbohidrogen hasilatına hazırlıq işlərinə start verilib.
Bundan əlavə, ötən il iyulun 24-də tərəflər məhsulun pay bölgüsü haqqında saziş bağlayıblar. Həmin saziş yaxın 25 il ərzində Özbəkistanın daxili neft tələbatının tam təmin olunmasını nəzərdə tutur. Saziş çərçivəsində hasil ediləcək qaz ölkənin daxili bazarına yönəldiləcək, sənayenin əlçatan və keyfiyyətli neft məhsulları ilə təminatına imkan yaradılacaq.
XQ