AZ

Türk xalqlarının ədəbiyyatına yeni baxış tələbələr üçün yeni dərslik çapdan çıxıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 aprel, AZƏRTAC

“Türk xalqlarının ədəbiyyatı” dərsliyinin II hissəsi 6 iyun 2023-cü il tarixli qərarla Abdulla Qədiri adına Cizzax Dövlət Pedaqoji Universitetinin Elmi Şurası tərəfindən təsdiqlənib, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin rəyi ilə nəşr olunub. Müəlliflər – Almaz Ülvi (Binnətova), Umurzoq Cumanazarov və Gülcahon Cumanazarovadır.

AZƏRTAC xəbər verir ki, monoqrafiyada türk xalqlarının - özbək, türk, Azərbaycan, qazax, qırğız, qaraqalpaq, türkmən, tatar, başqırd, çuvaş, uyğur, Dağıstan və Şimali Qafqaz türk xalqları daxil olmaqla zəngin ədəbi irsi sistemli şəkildə təqdim olunur. Bununla yanaşı, dünya ədəbiyyatında Nobel mükafatı laureatlarının yaradıcılığına da qısa nəzər salınır. Nəşr filologiya fakültələrinin tələbələri, magistrantlar, doktorantlar, tədqiqatçılar və ümumilikdə türk ədəbiyyatına maraq göstərən oxucular üçün nəzərdə tutulub.

“Ön söz”də vurğulanır ki, türk xalqlarının ədəbiyyatı qədim köklərə malik olub hər dövrdə özünəməxsus yaradıcılıq üslubu ilə seçilən böyük istedadlar yetişdirib. Bu ədəbi irs əsrlər boyu bəşəriyyətin mənəvi inkişafına xidmət edib, zəngin və çoxşaxəli bir xəzinə kimi formalaşıb.

Müəlliflər qeyd edirlər ki, türk xalqlarının ədəbiyyatı haqqında çoxsaylı elmi əsərlər, dərsliklər və tədqiqatlar mövcud olsa da, müasir təhsil sisteminin tələblərinə cavab verən, kompakt və sistemli dərsliklərə ehtiyac qalmaqdadır. Xüsusilə son 40–45 ildə nəşr olunmuş və artıq köhnəlmiş hesab edilən dərs vəsaitləri yeni ədəbi prosesləri, müasir müəllifləri və folklor nümunələrini əhatə etmir. Bu baxımdan təqdim olunan monoqrafiya həm elmi, həm də praktik ehtiyacdan doğub. Kitabda hər bir xalqın tarixi, etnik xüsusiyyətləri, folkloru və yazılı ədəbiyyatı haqqında ümumi məlumat verilir, ədəbiyyat tarixində iz qoymuş sənətkarların yaradıcılığına qısa şəkildə toxunulur və əsas əsərləri qeyd edilir.

Nəşrin əsas məqsədi türk xalqlarının ədəbiyyatı haqqında ümumi və sistemli təsəvvür yaratmaq, ədəbi şəxsiyyətlər və əsərlər barədə operativ məlumat mənbəyi təqdim etmək, təhsil və elmi mühitdə praktik istifadəyə uyğun material formalaşdırmaqdır.

Müəlliflər ümid edirlər ki, bu monoqrafiya tələbə və tədqiqatçıların müstəqil öyrənməsinə, həmçinin türk xalqlarının ortaq ədəbi prosesinə daha geniş baxış formalaşdırmağa töhfə verəcək və gələcəkdə mütəxəssislərin rəy və təklifləri əsasında daha da təkmilləşdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
azertag.az

3Mənbələr