AZ

Oleksi Buryaçenko: Ukrayna-Macarıstan münasibətlərinin sabitləşməsi üçün yaxşı şans yaranıb

Kiyev, 14 aprel, AZƏRTAC

Ukraynanın Macarıstanla münasibətləri sabitləşdirmək üçün yaxşı şansı olacaq. Peter Macyarın seçki prioritetlərinə, vədlərinə əsaslansaq, onun məhz tərəfdaşlığa və bərabərhüquqlu dialoqa hazır olduğunu görürük. Ukrayna da həmişə bu əməkdaşlıq formatına hazırdır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Macarıstan parlamentinə seçkilərdə Peter Macyarın rəhbərlik etdiyi “Tisza” partiyasının qələbəsini şərh edən ukraynalı siyasi şərhçi Oleksi Buryaçenko söyləyib.

“Macarıstan təkcə Avropa İttifaqının deyil, həm də NATO-nun üzvüdür. Yəni, Macarıstan ümumi Avropa təhlükəsizlik konstruksiyasının bir hissəsidir. Ukraynaya qarşı dağıdıcı siyasət yürütmək tamamilə əks-nəticə verir. Bu, əsasən, Rusiya Federasiyasının bütövlükdə Avropaya, Avropa İttifaqına və müvafiq olaraq NATO-ya yarada biləcəyi riskləri dərindən başa düşən siyasətçilərin dedikləridir”, - deyə ukraynalı politoloq əlavə edib.

Oleksi Buryaçenko bildirib ki, Macarıstanla Avropa İttifaqı arasındakı münasibətlər daha praqmatik, konstruktiv olacaq və yeni Baş nazirin hökuməti üçün əlavə maliyyə imkanları açılacaq.

“Düşünürəm ki, Macarıstanın ilk addımları Avropa İttifaqı daxilində qərarların qəbul edilməsinə mane törətməmək olacaq. Bu da, əlbəttə ki, ilk növbədə Avropanın özünün təhlükəsizliyi ilə bağlıdır. Bundan başqa, Macarıstanda hakimiyyətdə olmayacaq Orbanın Ukrayna üçün 90 milyard avroluq kreditlə bağlı boykot mövqeyinin əksi olaraq, Macyar qərara dəstək verəcək. Bu, təkcə Ukraynanın özü üçün deyil, həm də bütövlükdə Avropanın təhlükəsizliyi üçün prioritetdir. Ukrayna hazırda büdcə kəsirinə malikdir və bu, təəccüblü deyil, çünki Rusiya Federasiyasına qarşı tammiqyaslı müharibənin artıq beşinci ilinə qədəm qoyulub. Buna görə də, Ukraynaya ən azı, təhlükəsizliyi və müdafiəsi də daxil olmaqla, öz təhlükəsizlik prioritetlərini təmin etmək üçün xarici yardım vacibdir.

Mən əminəm ki, Ukrayna üçün 90 milyardlıq kredit məsələsi, Macarıstanın yeni Baş naziri Macyar və parlamentdə konstitusiya çoxluğu qazanan partiyası öz mövqelərini tam şəkildə bərpa etdikdən sonra, yaxın həftələrdə həll olunacaq”, - deyə ukraynalı ekspert bildirib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Seçilən
13
2
azertag.az

3Mənbələr