AZ

Hacıbala Abutalıbov və 3 sabiq başçı məsuliyyətə cəlb edilir? MÜHÜM GƏLİŞMƏ

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov sənədsiz evlərə su verilməyəcəyini bildirib və qanunsuz tikililər probleminə toxunub. Z.Mikayılovun bu açıqlaması bəzi çevrələrdə böyük qanun pozuntularının üzə çıxarılması kimi qiymətləndirilir. Müzakirələrdə “Azərsu” ASC-nin sabiq rəhbəri Qorxmaz Hüseynovun, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun, həmçinin Xətai, Nizami və Binəqədi rayonlarının keçmiş icra başçılarının, eləcə də müxtəlif bələdiyyə sədrlərinin və digər vəzifəli şəxslərin adları hallandırılır.

Qanunsuz tikililərə verilmiş icazələrə görə sabiq məmurlardan kimlər məsuliyyətə cəlb oluna bilər?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, “sənədsiz ev” anlayışının konkret nələri əhatə etdiyi aydın deyil:

“Ən azı dəqiqləşdirilməlidir ki, “sənədsiz” dedikdə nə nəzərdə tutulur. Çıxarış, müqavilə və digər hüquqi sənədlər mövcuddur. Hansı sənədlərin olmaması evlərin su təminatından məhrum edilməsinə əsas verir? Bu məsələ açıq şəkildə izah olunmalıdır. Digər tərəfdən, qanunsuz tikililər problemi yeni deyil. Bu cür hallar müxtəlif dövrlərdə, istər Çar Rusiyası, istər SSRİ, istərsə də sonrakı illərdə mövcud olub. Xüsusilə 1991-ci ildən sonra insanlar Bakı ilə Sumqayıt arasında əvvəllər boş olan ərazilərdə məskunlaşıblar. Bəziləri bu evləri sonradan sənədləşdirə bilib, digərləri isə müxtəlif səbəblərdən edə bilməyib”.

M.Muradlı qeyd edib ki, Hacıbala Abutalıbov və digər şəxslərin məsuliyyətə cəlb edilməsi üçün konkret faktlar olmalıdır:

“Cinayət işinin başlanması üçün fakt olmalıdır. Qeyd edilən məsələ ilə bağlı cinayət işi varsa, istintaqçılar sözügedən şəxsləri məsuliyyətə cəlb edə bilər”.

Bələdiyyələrin torpaq ayırması məsələsinə gəldikdə, vəkil bildirib ki, 2006-cı ilə qədər qanunvericilik fərqli idi:

“Həmin dövrdə bələdiyyələr öz qərarları ilə vətəndaşlara torpaq sahələri verə bilirdilər. Bu torpaqlarda tikilmiş evləri tamamilə “sənədsiz” hesab etmək nə dərəcədə doğrudur, bu da mübahisəli məsələdir. Əgər bu gün hansısa tikililər qanunsuz sayılırsa, məsuliyyət təkcə vətəndaşların üzərinə qoyulmamalıdır. Kimlərsə vaxtilə sənədsiz tikililərə icazə verib və ya buna göz yumubsa, əsas məsuliyyət də məhz onların üzərindədir”.

Mehman Muradlı

M.Muradlı əlavə edib ki, ortada ciddi qanun pozuntuları və ya korrupsiya faktları varsa, onlar araşdırılıb, ictimaiyyətə açıqlanmalıdır:

“Əks halda, insanları sudan məhrum etmək kimi addımlar sosial narazılığı daha da artıracaq. Bu məsələdə ən vacib məqam şəffaflıqdır. Konkret hansı evlərin və hansı əsaslarla su təminatından kənarda qalacağı açıqlanmalıdır ki, vətəndaşlar da öz vəziyyətlərini dəqiq qiymətləndirə bilsinlər”.

M.Muradlı deyib ki, Bakı şəhərinin kanalizasiya sisteminin yenilənməsi ilə bağlı uzun illər ərzində Dünya Bankı tərəfindən böyük məbləğdə vəsait ayrılıb:

“Əgər burada hansısa qanunsuzluq və ya cinayət tərkibi axtarılırsa, məsuliyyət məsələsi daha geniş şəkildə araşdırılmalıdır. Bu baxımdan, bəzi şəxslərin adının çəkilməsi və məsələnin obyektiv qiymətləndirilməsi vacibdir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
3
globalinfo.az

4Mənbələr