"Barselona"nın gənc ulduzu Lamin Yamal bazar ertəsi verdiyi açıqlamada Çempionlar Liqasında "Atletiko Madrid"ə qarşı geridönüş etmək üçün basketbol əfsanəsi Lebron Ceyms və braziliyalı futbolçu Neymardan ilham aldığını bildirib.
Offsideplus.az xəbər verir ki, katalon təmsilçisi ötən həftə öz meydanında keçirilən ilk oyunda 0:2 hesabı ilə məğlub olsa da, çərşənbə axşamı "Metropolitano" stadionunda mübarizə apararaq ardıcıl ikinci il yarımfinala yüksəlməyi hədəfləyir.
Yamal "İnstaqram"dakı profil şəklini Lebron Ceymsin 2016-cı ildə NBA finallarında "Klivlend Kavalers"i "Qolden Steyt Uorriors"a qarşı 1-3 geridə olduğu seriyada tarixi qələbəyə daşıdığı və kuboku qaldırdığı fotoya dəyişib.
O, jurnalistlərə açıqlamasında deyib:
"O, sabahkı oyun üçün mənə ilham verə biləcək əsas simalardan biridir, ona görə də həmin şəkli ora qoydum. Onun etdikləri barədə düşünəcəyəm və ümid edirəm ki, mənim üçün də hər şey eyni şəkildə davam edəcək".