AZ

Zəka uşağa atadan, yoxsa anadan keçir?

ain.az, Lent az portalına istinadən məlumat yayır.

İntellektin kimdən irsən keçməsi uzun illərdir həm alimləri, həm də insanları düşündürən suallardan biridir. Son araşdırmalar isə bu mövzuda maraqlı və müəyyən qədər gözlənilməz nəticə ortaya qoyub. Mütəxəssislərin fikrincə, intellektin formalaşmasında ana genlərinin rolu daha böyük ola bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Kembric Universiteti alimlərinin  apardığı araşdırmanın nəticələri göstərib ki, intellektlə bağlı genlərin mühüm hissəsi X xromosomunda yerləşir. Qadınlarda iki X xromosomu olduğu halda, kişilərdə yalnız bir X xromosomu mövcuddur. Bu isə anadan gələn genetik təsirin daha güclü ola biləcəyini göstərir.

Alimlər bildirirlər ki, bəzi genlər şərti aktiv xüsusiyyətə malikdir. Yəni onlar hansı valideyndən gəldiyinə görə fərqli şəkildə fəaliyyət göstərir. Xüsusilə intellektlə bağlı genlər anadan ötürüldükdə daha aktiv olur, atadan gəldikdə isə bəzən passiv qala bilir.

Araşdırma zamanı həmçinin müəyyən edilib ki, ana və ata genləri embrionun inkişafına fərqli şəkildə təsir edir. Ana genləri əsasən beynin qabıq hissəsinin düşünmə, yaddaş, diqqət və nitq kimi funksiyalara cavabdeh olan sahənin inkişafında mühüm rol oynayır. Ata genləri isə daha çox emosiyalar, instinktlər və əsas həyati funksiyalarla bağlı olan limbik sistemə təsir edir.

Bununla belə, mütəxəssislər vurğulayır ki, intellekt yalnız genetika ilə müəyyən olunmur. Uşağın inkişafında valideynlərin diqqəti, emosional dəstəyi və təhsil mühiti də böyük rol oynayır. İlk illərdə daha çox qayğı və stimul alan uşaqlar adətən daha yaxşı öyrənmə qabiliyyətinə və problemləri həll etmə bacarığına malik olur.

Nəticə etibarilə, araşdırma ana genlərinin intellektdə daha aktiv rol oynaya biləcəyini göstərsə də, bu, atanın rolunun az olduğu anlamına gəlmir. Əksinə, sağlam inkişaf üçün hər iki valideynin genetik və tərbiyəvi təsiri vacib hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
3
lent.az

4Mənbələr