AZ

Kiçik səhnədən böyük sənətə

Bakı Uşaq və Gənclər Teatrının 25 yaşı tamam olur

Azərbaycanın teatr mədəniyyətində özünəməxsus yeri olan Bakı Uşaq və Gənclər Teatrı 25 ildir həm uşaqların, həm də böyüklərin dünyagörüşünün zənginləşməsinə, incəsənətə olan marağının artmasına xidmət edir. Yarandığı gündən etibarən teatr yalnız səhnə əsərləri təqdim etməklə kifayətlənməyib, eyni zamanda maarifləndirici layihələr, beynəlxalq əməkdaşlıqlar və sosialyönümlü təşəbbüslərlə diqqəti çəkib.

Teatrın ədəbi dram hissəsinin rəhbəri Leyla Həşimova bildirib ki, teatr Bakı Şəhər İcra Hakimiyyəti başçısının 9 aprel 2001-ci il və Bakı Şəhər Mədəniyyət İdarəsi rəisinin 26 aprel 2002-ci il tarixli sərəncamları ilə 1990-cı ildə əsası İntiqam Soltan tərəfindən qoyulmuş "Körpəm" Eksperimental Uşaq Teatrının bazasında Uşaq Teatrı adı ilə yaradılıb. 2002-ci il mayın 1-dən İntiqam Soltan direktor, bədii rəhbər təyin olunub. 

Teatrın ünvanı bir neçə dəfə dəyişib. 2008-ci il mayın 23-dək Dənizkənarı Milli Park ərazisində, həmin il mayın 24-dən 2013-cü il martın 31-dək H.Sarabski adına Mədəniyyət evinin binasında fəaliyyət göstərib. 2013-cü il aprelin 1-dən bu günədək Suraxanı rayon Qaraçuxur qəsəbəsində, Q.Abbasov adına Mədəniyyət evinin üç otağında yerləşir. 2020-ci il yanvarın 21-dən Bakı Uşaq və Gənclər Teatrı adı ilə fəaliyyətini davam etdirir. Leyla Həşimova teatrda 70-ə yaxın əməkdaşın çalışdığını vurğulayır. 

Teatrın repertuarı zəngindir. Müsahibimiz qeyd edib ki, teatrda indiyədək 79-u uşaqlar, 37-si böyüklər üçün olmaqla ümumilikdə 116 tamaşa hazırlanıb. Repertuarında olan böyüklər üçün "Vətən", "Heykəl", "Əşxas", "Sevgi şimşəyi", "Sıravi Dursun", uşaqlar üçün "Əyləncəli oyunlar", "Allahın bəlası", "Gücümüz birliyimizdədir", "Üç ayı balası", "Muşək və Muşmuşək", "Fokus-mokus", "Ağıllı Tülkü", "Göyçək Fatma" və başqa tamaşalar teatrsevərlərin rəğbətini qazanıb. Pandemiya dönəmində də teatr tamaşaçılarından ayrı qalmayıb. 150-dən çox videorolik çəkilib və teatrın sosial şəbəkələrində paylaşılıb.

Fəaliyyət göstərdiyi müddətdə özünə böyük sayda tamaşaçı auditoriyası toplayan teatr bir sıra dövlət tədbirlərində və beynəlxalq teatr festivallarında uğurla çıxış edərək diplom və mükafatlara layiq görülüb. Yeri gəlmişkən qeyd edək ki, Bakı Uşaq və Gənclər Teatrı müxtəlif illərdə respublikamızda, eləcə də xarici ölkələrdə - qardaş Türkiyədə, Gürcüstanda, İranda, Rusiyada keçirilən beynəlxalq  festivallarda maraqlı tamaşalarla iştirak edib.

Leyla Həşimova teatrın özünün təşkil etdiyi festivallardan da danışıb. Bildirib ki, 2011-ci ildə Azərbaycanda ilk dəfə Bakı Uşaq Teatrında teatrdaxili "Bir aktyor bir tamaşa" adlı mono tamaşalar festivalı keçirilib: "2014-cü ilin martında Beynəlxalq Teatr Günü münasibətilə Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə "Bir teatr, bir festival" layihəsi çərçivəsində "Bizim Teatr" beynəlxalq festivalı keçirilib. 2015-ci ilin martında Bakı Uşaq Teatrının təşəbbüsü ilə "Bizim Teatr-2" festivalı təşkil olunub. 2019-cu ilin aprelində teatr "Bir teatr - bir festival" layihəsi çərçivəsində 3-cü "Bizim teatr" beynəlxalq festivalı keçirib. "Nəsimi ili - Nəsimi dili" adlı festival şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. 2021-ci ilin martında Bakı Uşaq və Gənclər Teatrı "Bir teatr, bir festival" layihəsi çərçivəsində 4-cü festivalını "Nizami ili"nə həsr edib.

Teatr 2023-cü ilin noyabrında "Bir teatr, bir festival" layihəsi çərçivəsində Qələbəmizin ildönümünə həsr olunmuş "3+3=7" festivalını düzənləyib. 2025-ci il sentyabrın 30-dan Bakı Uşaq və Gənclər Teatrı yeni, Qələbəmizin 5 illiyinə həsr olunmuş layihə reallaşdırır. "Addım-addım Vətəndə" adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə birgə əməkdaşlıq etməklə, "açıq qapı" prinsipi ilə tamaşa və tədbirlər keçirir. Layihənin əsas məqsədi gənc nəsildə vətənpərvərlik hisslərinin yüksəldilməsi, eləcə də bölgə teatrları ilə Bakı Uşaq və Gənclər Teatrının arasında təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı gücləndirmək, regionların mədəni inkişafına dəstək vermək, bölgə tamaşaçıları ilə birbaşa ünsiyyətdə olmaqdır. Layihəyə teatr ilinin sonunda Bakıda bölgə teatrlarının iştirakı ilə festival keçirməklə yekun vurmaq planlaşdırılır. 

Bu gün Bakı Uşaq və Gənclər Teatrı maraqlı repertuarı, peşəkar kollektivi və həyata keçirdiyi layihələrlə fəaliyyətini davam etdirir. Teatrın gələcək planları, o cümlədən regionlarla əməkdaşlıq və vətənpərvərlik ruhunu gücləndirməyə yönəlmiş təşəbbüsləri inkişaf yolunun məqsədyönlü olduğunu göstərir. Keçdiyi yol, qazandığı nailiyyətlər sübut edir ki, teatr hələ uzun illər Azərbaycan mədəniyyətinə dəyərli töhfələr verəcək.

Z.FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr