AZ

Həbsdən çıxıb 7 gün sonra tanışını 3 manata görə öldürən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Ramin Həsənovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Ramin Həsənov 1973-cü il təvəllüdlü Müşfiq Əliyevin qətlə yetirməkdə təqsirləndirilir.

 

Hadisə 3 may 2017-ci il tarixdə, gecə saat 02-03 radələrində paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi 2 ünvanında qeydə alınıb.

 

Belə ki, Müşfiq Əliyevə həmin ərazisində yerləşən yarımtikilidə baş nahiyəsində çoxsaylı zərbələr endirilib. Qətlin törədilməsinə görə Elman Məhərrəmov da həbs edilib. Elman Məhərrəmov 18 il azadlıqdan məhrum edilib. İstintaq orqanı müəyyən edib ki, Müşfiq Əliyevin qətlində Ramin Həsənov da iştirak edib.

 

Ramin Həsənov barəsində axtarış elan edilib. O, hadisədən iki il sonra 2019-cu ilin iyun ayında Gürcüstanda saxlanılaraq Azərbaycana təhvil verilib.

 

Ramin Həsənov elan olunmuş ittihamla özünü günahkar bilmir.

 

İttiham aktına əsasən, işdə adı keçən 3 nəfər birlikdə içki məclisi təşkil ediblər. Daha sonra onlar arasında mübahisə yaranıb. Ramin və Elman birləşərək Müşfiq Əliyevi döyərək qətlə yetiriblər.

 

Ramin Həsənov və Elman Məhərrəmova qarşı Cinayət Məcəlləsinin bir qrup şəxs halında qəsdən adam öldürmə və xüsusi amansızlıqla qəsdən adam öldürmə maddələri ilə ittiham elan edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli hökmü ilə Ramin Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 22 may 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.

 

16 iyun 2025-ci il tarixdə Ramin Həsənov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verərək ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş edib və eyni zamanda apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə məhkumun vəsatəti təmin edilməyib, onun Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasından isə imtina edilib. Həmin qərardan məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Qeyd: Ramin Həsənov 26 aprel 2017-ci ildə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və ikinci hadisə zamanı məhkumluğu ödənilməmiş idi.

 

Kamal Məmmədov

Tarix: 14 Aprel 2026, 09:33   
Seçilən
20
pravda.az

1Mənbələr