Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Babək Əsgərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 03 iyul 2023-cü il tarixdə, saat 23 radələrində Tərtər rayonu, Səhləbad kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Babək Əsgərov çayxananın qarşısında kiçik futbol meydançasının yan tərəfində rayonun Qazyan kənd sakini, 1993-cü il təvəllüdlü, zərərçəkmiş Umud Bəşirliyə (adı, soyadı şərtidir) üzərində gəzdirdiyi bıçaqla bir dəfə vuraraq ona xəsarət yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
Kamal Məmmədov