Burada sizə Nicolaes Visscher II-nin məşhur xəritəsinin bir hissəsini göstərirəm – adı uzun və qədim: “Tabula Geographica in qua Regionum Canis, Georgiae, Armeniae et Adirbeitzaniae.” XVII əsrin Amsterdamında Visscher ailəsi xəritə və incəsənət sahəsində ad çıxarmışdı, nəşriyyatları o dövrün tələbatını yaxşı bilirdi.
Xəritənin tam versiyasını burada:
Bu xəritə Azərbaycan tarixinin öyrənilməsi üçün həqiqətən əhəmiyyətlidir. Visscher “Adirbeitzania” adını həm Arazdan cənubda, həm də şimalda olan torpaqlara aid edib, bu adı bütün bu regiona, bir necə böyük coğrafiyaya vermişdi. Xəritədə Bakı, Şamaxı, Gəncə, Təbriz kimi şəhərlərin yerləri həqiqətən dəqiqdir. Bunu görəndə, açıq şəkildə anlayırsan – XVIII əsr Avropa kartoqrafiyası Azərbaycanın vahid, birləşmiş kimliyini tanıyırdı.
İndi hamı “Şimali və Cənubi Azərbaycan” terminindən istifadə edir, amma o vaxt belə bir bölünmə mövcud deyildi. Visscher “Adirbeitzania” adını Təbrizdən Kür çayına qədər, yəni həm cənub, həm də şimalı əhatə edən böyük bir ərazi üçün yazmışdı. Çox maraqlıdır ki, xəritədə “ADIRBEITZANIA” adı elə dövrün holland və alman tələffüzünə uyğun olaraq yazılıb – “Adir-” hissəsi birbaşa “Azər-” sözünün latınlaşdırılmış variantıdır.
Xəritə Səfəvi dövrünün sonlarında, Rusiyanın Xəzərə doğru irəlilədiyi, imperial rəqabətlərin getdikcə fəallaşdığı bir dövrdə hazırlanıb. Bu səbəbdən burada həm köhnə Səfəvi terminləri, həm də yeni rus və avropa adları yanaşı əks olunur.
Azərbaycanın bir çox mühüm şəhəri öz yerini tapıb. Bakı Xəzər sahilində güclü liman kimi göstərilib. Şamaxı Şirvanın mərkəzi şəhəri kimi, Təbriz isə cənub hissənin əsas şəhəri kimi qeyd olunub. İrəvan şimal-qərbdə mühüm mərkəzdir. Gəncə və Naxçıvan da xəritədə qədim şəhərlər kimi görünür.
Ən maraqlı detal isə odur ki, xəritənin ortasında – yəni Araz və Kür arasında – “Karabag” adı tam aydın şəkildə oxunur. Bu fakt Qarabağın o dövrdə də müstəqil coğrafi və inzibati ad kimi beynəlxalq xəritələrə daxil edildiyini göstərir.
Kür və Araz çaylarının qovuşduğu yerdə Muğan çölü qeyd edilib. O zaman bu yer həm qışlaq olaraq, həm də siyasi toplantıların keçirildiyi məkan kimi tanınırdı.
Visscher-in xəritəsi bir şeyi açıq şəkildə göstərir: 300 il əvvəl avropalı səyyahlar və tacirlər “Armenia” adını daha çox dağlıq ərazi üçün istifadə edirdilər, “Adirbeitzania” isə şəhərləri ilə tanınan, Təbrizdən dənizə qədər uzanan böyük bir ölkə idi.
Xəritədə Ermənistan adı adətən İrəvan və Van gölü ətrafındakı ərazilərin üzərinə yazılır, lakin bu, onun müstəqil dövlət olduğunu bildirmir. Həmin dövrdə bu ərazilər Osmanlı və Səfəvi imperiyaları arasında bölünmüşdü.
Xəritədə sağ küncdə “GULZUM DEGHIZ Turcis” (“Türklər üçün Qülzum Dənizi”) yazılıb. O dövrdə Avropa kartoqrafları “türklər” deyəndə — həm Osmanlı, həm də Səfəvi imperiyasındakı türkdilli xalqları (o cümlədən Azərbaycan türklərini) nəzərdə tuturdu. Burada “DEGHIZ” və “Demircapi” kimi türk sözlərinin yer alması regionun dil faktorunu açıq şəkildə göstərir.
“DIARO GILAN Persis” (“Perslər üçün Gilan dənizi”) qeydi isə regionun cənubunda farsca danışan əhali üçün yazılıb. Səfəvi imperiyası Avropada tez-tez “Persia” adlandırılırdı və imperiyadakı müxtəlif xalqlar çox vaxt “Persis” başlığı altında qeyd edilirdi.
O dövrdə “Azərbaycanlı” sözünün indiki mənası hələ formalaşmamışdı. İnsanlar ya türk, ya da pers kimi tanınırdı.
Bu xəritə qəti şəkildə göstərir ki, Azərbaycan tarixən sadəcə bir “vilayət” deyildi. Arazın hər iki sahilindəki torpaqları, Bakı, Təbriz, Şamaxı kimi şəhərləri birləşdirən geniş və mühüm bir coğrafi məkana sahib idi. Üstəlik, bu region belə vahid şəkildə beynəlxalq səviyyədə də qəbul edilirdi.
Zaur Əliyev, tarixçi