Nəinki ölkəmizdə, eləcə də bütün dünyada məşhur olan Naftalan öz unikal müalicəvi əhəmiyyətə malik olan nefti ilə məşhurdur. Bu neftin dünyada analoqu yoxdur və ondan 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Xüsusən onun hərəkət-istinad, nevroloji, damar, uroloji, ginekoloji və dəri xəstəliklərinin müalicəsində böyük əhəmiyyəti vardır.
Hazırda Naftalanda beynəlxalq standartlara cavab verən 3-ü beş ulduz olmaqla ümumilikdə 20 hotel və müalicə sağlamlıq mərkəzi fəaliyyət göstərir. Turizm obyektləri gün ərzində 4000-dən çox qonağa xidmət göstərmək imkanına malikdir. Bu, Bakıdan sonra regionlar üzrə qonaqların gecələmə sayına görə yüksək rəqəmlərdən sayılır.
Son illər Naftalana gələn turistlərin sayında əhəmiyyətli dərəcədə artım qeydə alınır. Təkcə 2025-ci ildə Naftalana 44 mindən çox turist səfər etmişdir ki, onlardan da 18 min nəfəri dünyanın 53 ölkəsindən olan vətəndaşlardır. İlk üçlükdə Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstandan gələn turistlər olmuşlar. 2026-cı ilin birinci rübü ərzində də şəhərə gələn turistlərin sayında artım qeydə alınmışdır. 3 ayda Naftalana 8821 nəfərdən çox qonaq gəlmişdir. Onlardan 3222 nəfəri xarici turistlərdir.
Hazırda yeni mövsümün başlaması ilə əlaqədar turizm xidmətləri keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən hotel və müalicə mərkəzlərində rəy sorğusu keçirilir. Üç dildə - Azərbaycan, rus və ingilis dillərində keçirilən sorğunun məqsədi xidmət səviyyəsinin yüksəldilməsidir.
Sabir ƏLİYEV,
"Azərbaycan"