Bakı, 14 aprel, AZƏRTAC
Müasir dövrdə şəhərlər iqtisadiyyatın, siyasətin, ekologiyanın və insanların gündəlik həyatının kəsişdiyi əsas məkanlara çevrilir. Artıq əsas sual şəhərlərin dəyişib-dəyişməyəcəyi deyil, onların necə formalaşacağı və kimə xidmət edəcəyidir. Bu məsələ Cənubi Qafqaz ölkələri üçün xüsusilə аktualdır, çünki burada sürətli inkişaf tarixi miras və yeni geosiyasi reallıqlarla paralel şəkildə baş verir.
Bu kontekstdə Azərbaycan üçün mövzu xüsusi əhəmiyyət daşıyır. Ölkə hazırda genişmiqyaslı transformasiya mərhələsindədir: Bakı fəal şəkildə modernləşir, yeni memarlıq siması və infrastruktur formalaşdırır, işğaldan azad edilmiş ərazilər isə sıfırdan yeni nəsil şəhərlərin yaradılması üçün unikal imkan yaradır.
AZƏRTAC memarlıq və şəhərsalma üzrə özbək ekspert, müasir şəhər mühitinin inkişafı üzrə mütəxəssis Əzizbək Hakimovla müsahibəni təqdim edir.
– Region ölkələri üçün şəhərsalmada hansı müasir tendensiyaları ən aktual hesab edirsiniz?
– Müasir şəhərsalmanı müəyyən edən əsas tendensiyalar arasında ilk növbədə ictimai nəqliyyatın real prioritetə çevrilməsini qeyd edərdim. Bu, yalnız şüarlarla deyil, konkret həllərlə – xüsusi zolaqlar, ağıllı svetofor sistemləri və rahat naviqasiya ilə təmin olunmalıdır. Təcrübə göstərir ki, ictimai nəqliyyat üstünlük qazandıqca, insanlar da könüllü şəkildə ondan istifadəyə üstünlük verirlər.
İkinci mühüm istiqamət “15 dəqiqəlik şəhər” konsepsiyasıdır. Bu modelə görə, gündəlik xidmətlər – iş, təhsil, ticarət və səhiyyə obyektləri piyada məsafəsində yerləşməlidir. Bu yanaşma xüsusilə monofunksional şəhər rayonları üçün аktualdır və daha rahat, balanslı həyat tərzi yaradır.
Digər vacib istiqamət mavi-yaşıl infrastrukturun inkişafıdır. Parklar, ağaclar və su hövzələri yalnız estetik elementlər deyil, həm də şəhərin iqlimə davamlılığı, hava keyfiyyəti və sakinlərin sağlamlığı üçün mühüm mühəndis həlləridir.
Eyni zamanda, sovet dövründən qalan şəhər modelinin yenidən qiymətləndirilməsi vacibdir. Bu çərçivədə küçə məkanlarının genişləndirilməsi, avtomobil yollarının optimallaşdırılması və şəhər həyatının yenidən ictimai məkanlara qaytarılması ön plana çıxır.
Ümumilikdə, əsas çağırış avtomobilyönümlü modeldən insan mərkəzli şəhər modelinə keçiddir.
– Bakının və digər şəhərlərin memarlıq transformasiyasını necə qiymətləndirirsiniz?
– Son illərdə Bakı həqiqətən də təsiredici transformasiya yolu keçib. Şəhər əhəmiyyətli dərəcədə dəyişib, müasir memarlıq nümunələri yaradılıb, sahil zonası yenilənib və iri infrastruktur layihələri həyata keçirilib. Bu, yüksək inkişaf ambisiyalarının və siyasi iradənin göstəricisidir.
Xüsusilə şəhər meydanlarının yenidən qurulması və ictimai məkanların insanlara qaytarılması müsbət tendensiyadır. Hesab edirəm ki, növbəti mərhələdə inkişaf daha çox rahatlıq, əlçatanlıq və şəhər mühitinin keyfiyyətinin artırılmasına yönələcək.
– Azad edilmiş ərazilərdə “gələcəyin şəhərləri”nin yaradılması potensialını necə dəyərləndirirsiniz?
– Bu, nadir və unikal fürsətdir – şəhərləri sıfırdan qurmaq imkanı. Belə layihələr qlobal praktikada “greenfield development” kimi tanınır və innovativ həllərin tətbiqinə geniş imkan yaradır.
Bu baxımdan, ilk növbədə tələsməmək və planlaşdırmaya ciddi yanaşmaq vacibdir. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə dərin tədqiqatlar aparılmalı, yalnız bundan sonra tikinti mərhələsinə keçilməlidir.
Yeni şəhərlərdə prioritetlər düzgün müəyyənləşdirilməlidir: piyadalar və ictimai nəqliyyat mərkəzdə olmalı, məhəllələr funksional baxımdan balanslı qurulmalı, yaşıl zonalar əvvəlcədən planlaşdırılmalıdır.
Eyni zamanda, şəhərlər yerli iqlim və landşaftla uyğun şəkildə inkişaf etdirilməli, özünəməxsus kimliyə malik olmalıdır. Ən uğurlu şəhərlər bir anda deyil, mərhələli şəkildə formalaşır. Bu ərazilərin potensialı çox böyükdür və onlar yalnız yeni şəhərlərin deyil, bütövlükdə region üçün yeni inkişaf modelinin formalaşmasına töhfə verə bilər.
Müəllif – Tamilla Məmmədova