AZ

Psixi xəstəlik, yoxsa təhlükəyə qarşı təbii reaksiya?

Psixoloqlar son dövrlərdə sosial mediada geniş müzakirə olunan obsesiv-kompulsiv pozuntu (OKP) ilə anksiyete arasındakı fərqlərlə bağlı artan suallara aydınlıq gətiriblər. Mütəxəssislərin sözlərinə görə, bu iki anlayış tez-tez qarışdırılsa da, klinik baxımdan fərqli psixi vəziyyətlər hesab olunur.

Bildirilib ki, anksiyete özlüyündə psixi xəstəlik deyil. Bu, insanın təhlükəyə qarşı təbii reaksiyasıdır və gündəlik həyatda tez-tez müşahidə olunur. Məsələn, təqdimat və ya vacib görüş öncəsi yaşanan gərginlik, yaxud gecə saatlarında düşüncələrin artması normal anksiyete reaksiyası hesab olunur. Lakin mütəxəssislər vurğulayırlar ki, narahatlıqlar və qayğılar uzunmüddətli, intensiv xarakter aldıqda və insanın gündəlik fəaliyyətinə mane olduqda artıq anksiyete pozuntusuna çevrilir. Statistik məlumatlara görə, hər üç nəfərdən biri həyatının müəyyən mərhələsində belə psixoloji pozuntularla üzləşir. Sosial anksiyete, panik atak xəstəliyi və ümumi anksiyete pozuntusu ən geniş yayılmış formalar hesab olunur.

Mövzu ilə bağlı açıqlamalarda OKP-nin ayrıca diaqnoz kimi qiymətləndirildiyi qeyd edilir. Bu pozuntu əsasən obsessiyalar və kompulsiyalarla xarakterizə olunur. Obsesiyalar, istənilməyən və təkrarlanan narahatedici düşüncələr, kompulsiyalar isə bu narahatlığı azaltmaq məqsədilə həyata keçirilən təkrarlayıcı davranışlardır. Məsələn, davamlı əl yuma, qapının kilidini dəfələrlə yoxlama və ya müəyyən sözləri təkrarlamaq bu davranışlara aid edilir.

Ekspertlər bildirirlər ki, bir çox insan zaman-zaman bu tip davranışlar nümayiş etdirə bilər. Lakin OKP zamanı bu hallar daha intensiv olur, uzun vaxt aparır və şəxsin gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir. Bundan əlavə, bəzi hallarda simptomlar zahirən görünməyə bilər, çünki kompulsiyalar zehni şəkildə baş verir və insanlar onları gizlətməyə çalışırlar.

Müalicə məsələsinə gəldikdə isə qeyd olunur ki, hər iki vəziyyətdə koqnitiv-davranış terapiyası (CBT) effektiv üsullardan biridir. OKP üçün xüsusi olaraq ekspozisiya və reaksiyanın qarşısının alınması (ERP) metodu tətbiq edilir. Bu üsul vasitəsilə pasiyentlərə narahatlıq yaradan vəziyyətlərlə üzləşmək və kompulsiv davranışlardan çəkinmək öyrədilir. Eyni zamanda, selektiv serotonin geri alım inhibitorları (SSRI) qrupuna (beyində serotonin səviyyəsini artıraraq depressiya, anksiyete və panik pozuntu kimi vəziyyətlərin müalicəsində istifadə olunan ən yayğın antidepresan qrupudur)  aid dərmanların da həm anksiyete, həm də OKP müalicəsində effektiv olduğu bildirilir. Xüsusilə ağır hallarda dərman və psixoterapiyanın birgə tətbiqi daha uğurlu nəticələr verir.

Mütəxəssislər vurğulayırlar ki, bu iki vəziyyət arasındakı fərqlərin düzgün anlaşılması, xüsusilə sosial mediada yayılan məlumatlar fonunda, insanların öz psixi sağlamlıqlarını düzgün qiymətləndirməsi və vaxtında mütəxəssisə müraciət etməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Şahnigar Əhmədova, “İki sahil”

Seçilən
14
ikisahil.az

1Mənbələr