Türkiyə futbolunda bomba təsiri yaradacaq xəbərlər yayılmağa başlayıb.
Offsideplus.az xəbər verir ki, mövsümün sonuna yaxınlaşdıqca "Qalatasaray" rəhbərliyinin həm daxili, həm də xarici arenada böyük addımlar atmağa hazırlaşdığı iddia olunur.
52 yaşlı mütəxəssis Okan Burukun bu mövsümün sonunda "Sarı-qırmızılılar"dan ayrılacağı gözlənilir. "Qalatasaray" ilə ardıcıl uğurlara imza atan məşqçiyə qarşı maraq kifayət qədər böyükdür:
"Premyer Liqa" və "A Seriyası" klublarının türk mütəxəssisi yaxından izlədiyi bildirilir.
Xüsusilə İtaliyanın "Latsio" və İngiltərənin "Tottenhem" klublarının adı Okan Burukla hallanır.
Burukun "İnter"də keçirdiyi illərdən qalan italyan dili biliyi onun Avropaya adaptasiyasını asanlaşdıran əsas amillərdən biri kimi göstərilir.
Okan Burukdan boşalacaq yer üçün "Qalatasaray"ın hədəfində dünya şöhrətli Yurgen Kloppun olduğu iddia edilir. Məlumata görə, İstanbul təmsilçisi artıq alman məşqçinin menecerləri ilə ilkin danışıqlara başlayıb.
Kloppun qayıdışı reallaşacaq?
"Liverpul"dan ayrıldıqdan sonra bir müddət dincələcəyini deyən və hazırda "Red Bull" şirkətində qlobal futbol direktoru kimi çalışan Kloppun yenidən məşqçiliyə qayıdıb-qayıtmayacağı maraq mövzusudur.
"Qalatasaray"ın bu transfer üçün bütün maliyyə və layihə imkanlarını səfərbər etdiyi deyilir.
Əgər bu keçid baş tutarsa, bu, nəinki Türkiyə, eləcə də dünya futbol tarixinin ən səs-küylü təyinatlarından biri olacaq.