BAKI, 14 aprel. TELEQRAF
ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqton və Tehran arasında yeni danışıqların keçirilməsinin İranın mövqeyindən asılı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Vens bu məsələdə “topun Tehranın tərəfində olduğunu” vurğulayıb.
Məlumata görə, o, növbəti mərhələ danışıqların baş tutması üçün qərarın İran tərəfindən verilməli olduğunu qeyd edib.
Cey Di Vens Vaşinqtonun Tehrandan uranın zənginləşdirilməsi imkanından imtina etməsini tələb etdiyini də bildirib.
Bu tələb İranın nüvə proqramı ilə bağlı danışıqlar çərçivəsində irəli sürülüb.
Məlumata görə, ABŞ tərəfi İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını əsas prioritet hesab edir.
Qeyd olunur ki, bu məsələ tərəflər arasında aparılan danışıqlarda əsas fikir ayrılıqlarından biri olaraq qalır.
Tərəflər arasında əvvəlki görüşlər razılaşma ilə nəticələnməsə də, diplomatik təmasların davam etdirilməsi ehtimalı saxlanılır.