AZ

Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanıldı

Səudiyyə Ərəbistanında bazar ertəsi Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanılıb. Qaydalara əsasən, Məkkə şəhərinə giriş yalnız xüsusi icazəsi olan şəxslərə şamil ediləcək.

"Unikal" xəbər verir ki, müqəddəs şəhərə yalnız orada verilmiş “yaşayış icazəsi” olanlar, Həcc vizası və ya mövsüm ərzində orada işləmək üçün rəsmi icazəsi olan şəxslər buraxılacaq.

Vurğulanıb ki, müvafiq qurumlar tərəfindən verilmiş icazəsi olmayan şəxslərin Həcc məkanlarına daxil olmasına yol verilməyəcək.

Mövsüm ərzində işləyən əcnəbi vətəndaşlar üçün giriş icazələri elektron qaydada “Absher” və “Muqeem” portalları vasitəsilə verilir.

Bundan əvvəl Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi zəvvarların təhlükəsizliyini təmin etmək və ibadətin rahat şəkildə yerinə yetirilməsi məqsədilə bir sıra tədbirlər elan edib.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bildirib ki, Ümrə vizası ilə ölkəyə gələn zəvvarlar üçün son çıxış tarixi aprelin 18-i müəyyən edilib.

Nazirlik, həmçinin qeyd edib ki, “Nusuk” platforması vasitəsilə Ümrə vizalarının verilməsi ölkə vətəndaşları, Körfəz ölkələrinin sakinləri, habelə ölkə daxilində yaşayan xaricilər və digər viza sahibləri üçün mayın 31-dək dayandırılıb.

Açıqlamaya əsasən, aprelin 18-dən etibarən yalnız Həcc vizası olan şəxslərə Məkkə şəhərinə daxil olmağa və orada qalmağa icazə veriləcək.

Nazirlik Həcc mövsümü ilə bağlı qaydalara əməl etməyə çağıraraq bildirib ki, bu tələblərin pozulması qanunvericiliyə uyğun olaraq cərimə və digər sanksiyalarla nəticələnə bilər.

Seçilən
26
4
unikal.az

6Mənbələr