AZ

Müharibənin qlobal iqtisadiyyata ağır təsirləri ilə bağlı ciddi xəbərdarlıq edilib

BVF, Dünya Bankı və Beynəlxalq Enerji Agentliyi bildirir ki, xammal tədarükü bərpa olunsa belə, dünya iqtisadiyyatının münaqişədən əvvəlki vəziyyətə qayıtması vaxt aparacaq...

Poliqon xəbər verir ki, Forbes nəşrinin yaydığı məlumata görə, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Beynəlxalq Enerji Agentliyi müharibənin dünya iqtisadiyyatı üçün ciddi qlobal nəticələr doğurduğunu bəyan ediblər.

Qiymətləndirmələrə əsasən, enerji və digər xammal tədarükündə yaranmış pozuntuların aradan qaldırılması dərhal əvvəlki sabitliyi bərpa etməyəcək. Qurumlar hesab edirlər ki, tədarük kanalları yenidən işlək vəziyyətə gətirilsə belə, bazarların və milli iqtisadiyyatların münaqişədən əvvəlki səviyyəyə dönməsi üçün müəyyən zamana ehtiyac olacaq.

BVF-nin rəhbəri Kristalina Georgiyeva bildirib ki, Hörmüz boğazının uzun müddət bağlı qalması qlobal iqtisadi artıma əlavə təzyiq göstərəcək və inflyasiya risklərini gücləndirəcək. Onun sözlərinə görə, əsas zərbə xüsusilə enerji idxalından daha çox asılı olan regionlara dəyəcək.

Bu baxımdan ən həssas istiqamətlər kimi Asiya ölkələri, Saxaradan cənubdakı Afrika dövlətləri və Sakit okeandakı ada ölkələri göstərilir. Həmin ölkələr üçün enerji daşıyıcılarının bahalaşması, daşınma xərclərinin artması və idxal zəncirindəki gecikmələr iqtisadi artımı zəiflədə, sosial təzyiqləri isə artırıla bilər.

Beynəlxalq Enerji Agentliyi də münaqişənin enerji bazarına təsirlərinin apreldə mart ayı ilə müqayisədə daha ağır ola biləcəyini vurğulayıb. Agentlik hesab edir ki, qarşıdurmanın davam etməsi və əsas marşrutlarda qeyri-müəyyənliyin qalması enerji bazarında təzyiqi daha da gücləndirə bilər.

Qurum eyni zamanda strateji ehtiyatlardan əlavə istifadə imkanını da istisna etməyib. Bu isə o deməkdir ki, beynəlxalq enerji bazarındakı gərginlik davam edərsə, iri istehlakçı və istehsalçı ölkələr qiymət sıçrayışlarını yumşaltmaq üçün yenidən fövqəladə ehtiyat mexanizmlərinə müraciət edə bilərlər.

Analitiklərin fikrincə, belə xəbərdarlıqlar müharibənin təsirlərinin artıq yalnız regional təhlükəsizlik məsələsi olmadığını, eyni zamanda qlobal iqtisadi sabitlik, inflyasiya, enerji təhlükəsizliyi və sosial rifah üçün də ciddi riskə çevrildiyini göstərir.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr