AZ

“Deyirlər, yanacaq olsa da, burada verilmir” Fotolar

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Bir müddətdir 6 saylı Gəncə Neft Baza Sahəsindən bəzi yanacaqdoldurma məntəqələrinə yanacaq verilmir.

Bu şikayətlə “Qafqazinfo”ya sürücülər müraciət ediblər.

Onların sözlərinə görə, problem “SOCAR PETROLEUM” şirkətinə yeni təyin edilən bəzi rəhbər şəxslərin irəli sürdüyü yeni şərtlərdən qaynaqlanır. Şikayətçilər bildirir ki, yanacaq var, amma şərtlər dəyişib:

“Yeni müdiriyyət gələndən bu vəziyyətə düşmüşük. Buradan göndərirlər Gəncəyə, sonra Ucara, Bərdəyə, sonra da deyirlər, get Bakıya”. 

“Bunlar təzə bir qayda çıxarıblar. Birinci bizə zet verməlisən. Zet nədir? Kassa çekinin aylıq və gündəlik hesabatı. Mən şəxsən Cavid adlı şəxslə danışıram, deyir bizə Vergilər Nazirliyi deyib. Axı bizim kassa aparatı Vergilər Nazirliyinə bağlıdır, onlar onsuz da görürlər. Sonra deyilir ki, yanacaq olsa da, burada verilmir, Salyandan, Bakıdan, Ucardan gətirməliyik. Bu qədər yolu getmək axı təhlükəlidir. Əvvəl necə işləmişiksə, yenə elə işləyək. Yanacaq almaq üçün regionları gəzməyək”, - deyə şikayətçilərdən biri deyib.

Məlumat üçün bildirək ki, 6 saylı Gəncə Neft Baza Sahəsindən ölkənin qərb bölgəsinin əksər yanacaqdoldurma məntəqələri yanacaqla təmin olunur.

“SOCAR PETROLEUM” QSC-dən sorğumuza cavab olaraq bildirilib ki, bölgələrdə fəaliyyət göstərən sahibkarların neft bazası sahələrindən yanacaq alışı prosesinin qanunvericiliyə uyğun tənzimlənməsi və hesabatlılığın təmin edilməsi prioritet məsələdir.

“Yanacağın təyinatı üzrə istifadə edilməməsi, sənədləşmədən kənar satılması və ya qanunsuz saxlanılması kimi sui-istifadə hallarının qarşısını almaq məqsədilə daxili nəzarət mexanizmləri gücləndirilir. Xüsusilə qeyd edirik ki, “SOCAR PETROLEUM” QSC ilə müqavilə bağlayan sahibkarlar yanacağın yalnız yanacaqdoldurma məntəqələrində satılması öhdəliyini üzərlərinə götürürlər. Yanacağın təyinatından kənar istifadəsi, sənədləşmədən kənar satılması birbaşa müqavilə şərtlərinin və qanunvericiliyin pozulması hesab olunur.

Məhz bu öhdəliklərin sahibkarlar tərəfindən yerinə yetirilməsi şəffaflıq prinsiplərinə zidd olan hər hansı fəaliyyətin və bazarda süni qıtlığın yaranmasının qarşısını almaqla yanaşı, yanacağın istehlakçıya yalnız qanuni satış məntəqələri vasitəsilə çatdırılmasını təmin edir.

Bu mexanizm həm dövlət büdcəsinin gəlirlərini qorumaqla yanaşı, həm də sahibkarlar arasında sağlam rəqabət mühitini təmin edərək hər iki tərəfi mümkün hüquqi risklərdən sığortalayır”, - deyə məlumatda qeyd edilib.

Yunis Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
qafqazinfo.az

1Mənbələr