AZ

Rusiya Ermənistan MSK-ya “yumşaq təzyiqə” başladı - səfirdən sonra spiker gəlir...



Əli Orucov: “Rusiya rəsmilərinin belə görüşləri keçirməkdə bir neçə məqsədi var”

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin və səfirliyin birinci katibi Aleksandr Malışev Ermənistan Mərkəzi Seçki Komissiyasında olublar. Rəsmi məlumata görə, qonaqları MSK sədri Vaaqn Hovakimyan qəbul edib. Səfir qarşıdan gələn milli seçkilərə hazırlıqla maraqlanıb.

MSK sədri Hovakimyan jurnalistlərlə söhbətində Kopırkinlə görüşünə və bunun Paşinyanla Putin arasında Rusiya tərəfdarı namizədlərin qarşıdan gələn Ermənistan seçkilərində iştirakına icazə verilməsi məsələsini qaldıran görüşdən sonra baş tutmasına belə münasibət bildirib: “Rusiya səfiri təxminən iki həftə əvvəl görüş istəyib, yəni bu, sizin qeyd etdiyiniz siyasi hadisələrdən əvvəl baş verib. O, seçki hazırlıqlarını, eləcə də Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası sədrinin mümkün səfərinə hazırlıqları nəzərdən keçirmək üçün gəlib”.

Rusiyadan müşahidəçilərin olub-olmayacağı soruşulduqda, o, belə cavab verib: “MDB parlamentlərarası müşahidə missiyası olacaq”.

Maraqlıdır, Rusiya səfirinin görüşü, MSK sədrinin İrəvana planlaşdırılan səfəri nə üçündür? Moskva niyə bu qədər narahatdır?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Rusiya rəsmilərinin belə görüşləri keçirməkdə bir neçə məqsədi var: “Əvvəla, bu, Rusiyanın “yumuşaq güc” nümayişidir. Rusiya tərəfdarlarına mesaj verirlər ki, tək deyilsiniz. Bununla erməni cəmiyyətinə siyasi mesaj ötürürlər ki, hərəkətə keçin, Rusiyapərəst siyasi qüvvələrin ətrafında birləşin. Rusiya prezidenti Vladimir Putin aprelin 1-də baş nazir Nikol Paşinyanla görüşündə demişdi ki, Rusiyapərəst qüvvələrin seçkidə iştirakına şərait yaradın. Əslində bu, bir ölkənin, digər dövlətin daxili işinə qarışmaq anlamına gəlir. İstisna etmirəm ki, Səfir Kopırkinin MSK sədri Hovakimyanla görüşündə bu məsələ müzakirə edilib. Hesab edirəm ki, Rusiya MSK sədrinin də planlaşdırılan səfəri buna hesablanıb. Məsələ ondadır ki, Rusiyanın Moldovada məğlubiyyəti, Orbanın Macarıstanda seçkilərdə uğursuzluğu Kremli narahat edir. Onlar heç olmasa Ermənistanda nəyəsə nail olmaq istəyirlər. Ermənistanın Rusiya üçün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bu, onların Cənubi Qafqazda son hərbi dayağıdır. Söhbət ondan gedir ki, Ermənistanda Rusiyanın hərbi bazası və sərhəd qoşunları yerləşir. Üstəlik bu ölkə KTMT və Aİİ-nin üzvüdür. Moskva narahatdır ki, Paşinyan bu dəfə qalib gələndən sonra Rusiya hərbi bazalarını Ermənistandan çıxaracaq, ölkə rəsmən KTMT-ni tərk edəcək. Ona görə də Rusiya Ermənistanda bütün resurslarını səfərbər etməyə çalışır. Ancaq bütün bunların ciddi nəticə verəcəyini düşünmürəm”.

Vidadi ORDAHALLI

Seçilən
22
baki-xeber.com

1Mənbələr