AZ

"Turan"ın prezidenti Həsən Zeynalov: "Çempion olduqdan sonra Tovuza voleybol şəhəri demək olar"

Çempion olduqdan sonra Tovuza voleybol şəhəri demək olar.

"Far.Az"un Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, bunu qadınlardan ibarət "Turan" voleybol klubunun prezidenti Həsən Zeynalov Azərbaycan Yüksək Liqasının yarımfinalında "Gəncə"yə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, azarkeşlərin komandadan yüksək nəticələr gözlədiyini söyləyib:

"Mövsümün əvvəlində qarşımıza avrokuboklara düşmək məqsədi qoymuşduq. Artıq bunu bacardıq. Çempion olduqdan sonra Tovuza voleybol şəhəri demək olar. Təbii ki, azarkeşlər komandadan yüksək nəticə tələb edir. Bu tələbkarlığın nəticəsində oyunçular məsuliyyət daşıyır və bunun öhdəsindən gəlmək üçün əllərindən gələni edirlər".

Həsən Zeynalov finaldakı şanslarından danışıb:

"Finalda qalib gəlsək, karyeramın ən böyük uğurlarından biri olar. İnşallah, kuboku biz qazanarıq. Heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Finalda şanslar 50/50-dir. Baxmayaraq ki, "Gəncə"ni ilk matçda 3:0 hesabı ilə məğlub etmişdik, oyundan öncə kollektivlə görüşəndə qeyd etdim ki, heç kim rahatlaşmasın".

Qeyd edək ki, "Turan" yarımfinalda "Gəncə"ni hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək finalda "DH Volley" kollektivinə rəqib olub.

Seçilən
16
2
far.az

3Mənbələr