AZ

Macarıstanda hakimiyyət dəyişdi, Orban getdi, TDT vəAzərbaycanla bağlı nə dəyişəcək...



Turan Rzayev: “Yeni hakimiyyətin də bu istiqamətə sadiq qalacağını düşünürəm”

Məlum olduğu kimi, Macarıstandakı Viktor Orban hökuməti bazar günü keçirilən parlament seçkilərilə sarsıdıcı məğlubiyyətə düçar oldu. Seçkinin təsdiqlənən nəticələrinə görə, sağ-liberal yönümlü “Tisa” partiyası qələbə qazanaraq, 199 yerlik parlamentdə 138 mandat əldə edib.

Hazırkı baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “Fides” partiyası müttəfiqləri ilə birlikdə 54 yer qazanıb. Daha 7 mandatı isə “Bizim Vətənimiz” partiyası qazanıb.

Orbanın 16 illik fasiləsiz hakimiyyətindən sonra Peter Madyarın seçkilərdə qələbəsi Macarıstan üçün siyasi kursun dəyişməsi kimi qiymətləndirilir. Anti-miqrasiya və anti-Avropa ritorikasından, həmçinin Moskva ilə yaxınlaşmadan sonra ölkəni yeni istiqamət gözləyir. Bununla belə, bu dəyişikliklərin hamısının Ukrayna üçün müsbət olub-olmayacağı sual altındadır. Maraqlı olan həm də odur ki, Macarıstanda yeni hakimiyyətin Azərbaycanla münasibətlərdə, Türk Dövlətləri Təşkilatında Macarıstanın fəaliyyəti ilə bağlı nə dəyişəcək?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Turan Rzayev hesab edir ki, yeni hakimiyyət qurulan münasibətlərə sadiq qalacaq: “Orban dövründə Macarıstan özünü Qərb institutlarının daxilində olsa da, onlara alternativ siyasi model kimi təqdim edirdi. Bu modeldə milli suverenlik, mərkəzləşmiş hakimiyyət və liberal dəyərlərə selektiv yanaşma əsas idi. Bundan başqa, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir. Orbanın başda Türkiyə olmaqla Azərbaycan və Mərkəzi Asiya ölkələrinin liderləri ilə tərəfdaşlıq münasibətləri mövcuddur. P.Madyar isə Avropa yönümlü xətti ilə bilinir. Yəni onun dövründə Avropa İttifaqı ilə uzun müddətdir davam edən gərginliklərin yumşalması ehtimalı var. Məsələn, Ukrayna müharibəsində bu, daha çox özünü göstərə bilər. Lakin Madyarın özü də tam klassik liberal deyil və onun siyasi mövqeyi müəyyən dərəcədə milli-konservativ elementləri qoruyur. Bu isə o deməkdir ki, Macarıstan kəskin ideoloji dönüş yox, daha çox balansın dəyişməsi mərhələsinə daxil olur. Bizim üçün indiki məqamda əsas sual Peter Madyarın Türk Dövlətləri Təşkilatı ilə bağlı mövqeyinin necə olmasıdır. TDT Orban dövründə Macarıstan üçün həm ideoloji, həm də geosiyasi alət idi. Bu platforma vasitəsilə Budapeşt özünü yalnız Avropa ölkəsi kimi yox, daha geniş sivilizasiya körpüsü kimi təqdim edirdi. Yeni hakimiyyətin də bu istiqamətə sadiq qalacağını düşünürəm. Çünki bu əlaqələr iqtisadi və diplomatik baxımdan faydalıdır. Amma istisna deyil ki, prioritetlər dəyişəcək. Yəni təşkilat daxilində siyasi aktivliyi daha az olan bir Macarıstan görə bilərik. Əlaqələrin daha çox iqtisadi və mədəni səviyyədə saxlana bilər. Fikrimcə, P.Madyar əsas diqqətini yenidən Avropa strukturlarına yönəldəcək”.

Vidadi ORDAHALLI

Seçilən
13
baki-xeber.com

1Mənbələr