AZ

BMM-də “Bir az da özümüzdən danışaq” adlı gecə təqdim olunub

BMM-də “Bir az da özümüzdən danışaq” adlı gecə təqdim olunub

Aprelin 10-da Beynəlxalq Muğam Mərkəzində “Bir az da özümüzdən danışaq” adlı satirik- yumoristik musiqili gecə təqdim olunub.

Mərkəzdən AFN.az-a verilən məlumata görə, bədii qiraətçi Hüseynağa Aslanovun təqdimatında Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin və felyetonun ən görkəmli nümayəndələri Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Əliağa Vahid, Salam Qədirzadə yaradıcılığından nümunələr eləcə də İlqar Fəhmi, Əvəz Məmmədovun ədəbi nümunələrinin yer aldığı gecə tamaşaçılara xoş əhval bəxş edib.

Tədbirdə yazıçı-dramaturq İlqar Fəhmi çıxış edərək bildirib ki, satira hər zaman cəmiyyətin aynası rolunu oynayıb və bu cür tədbirlər insanların gündəlik həyatına fərqli baxış bucağı qazandırır. Layihənin iştirakçıları həm klassik, həm də müasir üslubda hazırlanmış nömrələrlə çıxış edərək maraqlı proqram təqdim edirlər.

Gecə boyu qiraətçini BMM-nin solistləri Vəfa Vəzirova, Əməkdar artist Çinarə Mütəllibova, Rəvan Qaçayev, sevilən ifaçılar Nicat Aslanov, İsmayıl Zülfüqarov, Cəfər Həsənov, Nurlana Abdullayeva, Xəyal Əliyev, Fuad Cəfər, Orxan Soltanov və Nurədin Tağıyev öz musiqi nömrələri ilə müşayiət ediblər. Təqdim olunan ədəbi nümunələrə uyğun bəstəkar və xalq mahnılarının səsləndiyi satira gecəsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tanınmış və gənc ifaçıların bir araya gələrək həm musiqi, həm də yumor elementlərini özündə birləşdirən çıxışları tamaşaçılara əyləncəli və düşündürücü anlar yaşadıb.

Seçilən
12
afn.az

1Mənbələr