AZ

Deputatdan siqnal “Büdcə qanunvericiliyinin pozulması halları artıb”

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat müzakirə olunub.

Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a şərhində qeyd edib ki, monitorinq göstəricilərində ənənəvi istiqamətlər üzrə hədəflərə nail olunsa da, daha innovativ sahələrdə hədəflər reallaşmayıb.

Deputat vurğulayıb ki, səmərəlilik auditlərinin ümumi audit portfelində payı 15 faizdən çox hədəflənsə də, 14.0 faiz nəticə əldə edilib: “Monitorinq göstəriciləri ilə bağlı cədvəldə ayrıca bir bölmədə nail olunmayan hədəflər üzrə səbəblərin ayrıca göstərilməsi daha məqsədəuyğun olardı.
Eyni zamanda, istifadə edilən bütün abreviatur və akronimlərin açılışı verilməyib. Məsələn, İS audit mətndə qeyd edilsə də onun açılışı verilmir.

Səmərəlilik aduitinin sayının artırılması prioritet olaraq qalmaqdadır. INTOSAI, qənaət, səmərəlilik və effektivlik prinsiplərinə uyğun olaraq bu auditin payının artırılması tövsiyyə edir. Artıq bir sıra dövlətlər 35 faizlik hədəfi müəyyənləşdiriblər. Məsələn, Çexiyada bu göstərici artıq 29.1 faizdir”.

V.Bayramov bildirib ki, palata hesabatda 5 illik fəaliyyət hesabatı da təqdim edib: “Bu müsbət haldır. Daha yaxşı olardı ki, palata audit nəticələrinə uyğun olaraq həmin müddətdə təkrarlanan pozuntu və təhrif hallarını və eləcə də irəliləyiş olan istiqamətləri də ayrıca təqdim edərdi. Hesabatda qeyd olunduğu kimi, audit və analtik fəaliyyətlər üzrə aşkar edilmiş pozuntuların içərsində büdcə qanunvericiliyinin pozulması halları 51.6 faiz olub. 2024-cü ildə bu rəqəm 45.1 faiz idi. Yəni, 2025-ci ildə büdcə qanunvericiliyi hallarında faiz ifadəsində artım var. Büdcə qanunvericiliyin təkmilləşdirildiyini və rəqəmsallaşmanın genişləndirildiyi halda bunun səbəbləri nədir?”

Deputat bildirib ki, 2025-ci ildə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə büdcəyə zərərin məbləği əvvəlki il ilə müqayisədə 50 faizdən çox artaraq 170.4 milyon manat olub: “Bir il ərzində büdcəyə zərərin məbləğinin 50 faiz artması dövlət vəsaitinin təyinatından yayındırılması hallarının qarşısınını alınması ilə bağlı nəzarətin gücləndirilməsini daha da aktuallaşdırır. Eyni zamanda, Hesablama Palatası tərəfindən 2024-cü ildə büdcəyə hesablanmış zərərin 74 faizinin bərpası ilə bağlı qərar qəbul edilsə də, bu göstərici 2025-ci ildə 60 faiz olub. Yəni, büdcəyə hesablanmış zərərin hər 100 manatından 40 manatı ilə bağlı bərpa qərarı qəbul edilməyib. Niyə büdcəyə dəymiş ziyanı bərpa etməkdə belə çətinliklər var?

Əgər 2024-cü ildə cəmi 8.7 milyon manat hesablanmış zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdirsə, bu göstərici 2025-ci ildə 40.3 milyon manat olub. Yəni, əvvəlki il ilə müqayisədə Hesablama Palatasının hesablanmış zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal etdiyi məbləğ 4.6 dəfə artıb. Bu isə büdcə vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi baxımdan ciddi siqnaldır”.

V.Bayramov həmçinin, deyib ki, Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin (43 audit və 5 analtik fəaliyyət) 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib: “Eynilə, büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin sayı 75 faizdir. Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bütün bunlar cari maliyyə intizamının daha da gücləndirilməsini aktuallaşdırır.

Maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin məbləğində əvvəlki il ilə müqayisədə kəskin azalmalar var. Bu təbii ki, müsbət haldır. Bununla yanaşı, büdcə qanunvericiliyi pozulması halları yüksək rəqəm ilə ifadə olunursa, bir il ərzidə maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin 68 faiz, maliyyə hesabatlarında digər qrupa aid edilən təhriflərin 6.3 dəfə azalması nə ilə bağlıdır?”

Nigar Həsənli
Musavat.com

Seçilən
5
6
musavat.com

8Mənbələr