
İtaliyanın Baş naziri Corca Meloni ABŞ Prezidentinin Roma Papası XIV Levə qarşı işlətdiyi sərt ifadələri tənqid edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
"Prezident Trampın Müqəddəs Ata haqqında dediyi sözləri qəbulolunmaz hesab edirəm. Roma Papası katolik kilsəsinin rəhbəridir və onun sülhə çağırması, müharibənin istənilən formasını pisləməsi tamamilə təbiidir", — deyə Meloninin mətbuat xidməti tərəfindən yayılan bəyanatda qeyd edilib.
Qeyd edək ki, Amerika lideri Donald Tramp XIV Levin müharibə əleyhinə çıxışlarından sonra "Truth Social" şəbəkəsində yazıb ki, "bu Papa cinayətkarlıq və xarici siyasət məsələlərində zəifdir". Tramp həmçinin iddia edib ki, əgər onun prezidentliyi olmasaydı, amerikalı şəxs papa seçilməzdi.
Xatırladaq ki, Roma Papasının sülh təşəbbüsləri son vaxtlar beynəlxalq arenada geniş müzakirə mövzusuna çevrilib.