Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Biləcəri qəsəbəsində “Azparking” tərəfindən yerləşdirilən yeni nişanlarda parklanma qiymətinin saatı 70 qəpik olaraq göstərilməsi diqqət çəkib. Şəhərin bəzi digər ərazilərində daha aşağı tariflərin tətbiqi isə fərqli zonalar üzrə qiymət siyasətinə dair suallar yaradıb. Sakinlər və sürücülər parklanma haqlarının hansı meyarlara əsasən müəyyənləşdirildiyini və bu fərqlərin səbəbini öyrənməyə çalışır.Məsələ ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Demokrat.az-a bildirib ki, Bakı və ətraf qəsəbələrdə, xüsusilə Biləcəri kimi ərazilərdə tətbiq edilən 70 qəpiklik parklanma tarifi məntiqsiz hesab edilir:"Biləcərinin şəhər infrastrukturuna deyil, şəhər kənarı qəsəbələrə aid olduğu halda, orada mərkəzi ərazilərlə, məsələn Nərimanov rayonu ilə eyni qiymətin tətbiqi əsassız sayılır. Azərbaycandakı hazırkı parklanma qiymətləri əhalinin orta aylıq gəliri, minimum əmək haqqı və pensiya hədləri ilə mütənasib deyil. Şəhər mərkəzində 1 manatlıq, ətraf ərazilərdə isə 70 qəpiklik tariflər hər gün işə maşınla gedən vətəndaşın aylıq büdcəsinin böyük hissəsini təşkil edir. Mövcud vəziyyətdə qiymətlərin ən azı iki dəfə aşağı salınması təklif olunur".Sosioloq deyib ki, aylıq 400 manat minimum əmək haqqı alan şəxs üçün dayanacaq xərclərinin 200–300 manata çatması dünya təcrübəsinə uyğun hesab edilmir:"Avropada bu xərclər adətən gəlirin 5–10 faizini keçmir. Şəhərin hər nöqtəsinin, hətta kənar küçə və dalanların belə pullu parklanma zonasına çevrilməsi yanlış addım kimi qiymətləndirilir. Avropa ölkələrində də parklanma yerlərinin xeyli hissəsi ödənişsizdir. Avtomobildən istifadə etmək yalnız imkanlı təbəqənin imtiyazı olmamalıdır. Xəstəsi, yaşlısı və ya fiziki məhdudiyyəti olan şəxslər üçün avtomobil zərurətdir və dövlət onların şəhər infrastrukturundan istifadə hüququnu nəzərə almalıdır".Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.