AZ

Bakıdan Tehrana mesaj: səfirliyin fəaliyyəti bərpa olunur, prinsiplər isə sabit qalır

Məlum olduğu kimi, aprel 12-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi öz fəaliyyətini bərpa edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək.
 
“Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır. Azərbaycan səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir. Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir”, deyə açıqlamada qeyd olunub.

Milli Məclisin deputatı Zaur Şükürov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan dövləti bu addımı atmaqla hər zaman açıq bəyan etdiyi prinsiplərə sadiqliyi sübut edib:

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin 12 aprel 2026-cı il tarixində məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyətinin davam etdirilməsibarədə qərar qəbul olunub və bununla bağlı AR XİN tərəfindən KİV-ə müvafiq məlumat təqdim edilib. Nazirliyin məlumatında da qeyd edildiyi kimi, səfirliyinin məhdud tərkibdə fəaliyyətə başlamasında təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınıb.

Hesab edirəm ki, atəşkəs elan olunduqdan sonra qısa müddətdə belə bir qərar qəbul olunması, ilk öncə ölkəmizin qarşılılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan mehriban qonşuluq və əməkdaşlıq siyasətinə verdiyi önəmin göstəricisi olmaqla yanaşı, İİR ilə tarixən təşəkkül tapmış dostluq münasibətlərimizin də məhz qeyd olunan prinsiplər əsasında davam etdirilməsində marağımızın ifadəsidir.

Hazırda Körfəzdə davam edən münaqişə fonunda Azərbaycan Prezidentinin liderliyi ilə dövlətimizin nümayiş etdirdiyi praqmatik və milli maraqlara söykənən siyasəti, həyata keçirdiyi humanitar missiya Azərbaycanın nüfuzunu daha da artırmaqdadır. İstər keçən il baş vermiş, istərsə də hazırkı münaqişə dövründə dünyanın 4 qitəsini təmsil edən bir sıra dövlətlərin 3000-dən çox vətəndaşının ölkəmiz üzərindən təxliyəsinin həyata keçirilməsi, bununla əlaqədar həmin ölkələrin prezidentlərinin xarici işlər nazirlərinin təşəkkürlərini çatdırması bu missiyanın bariz nümayişidir. Qeyd olunan münaqişə zamanı Azərbaycanın İrana humanitar yardım göndərməsi, həmçinin ölkəmiz üzərindən üçüncü dövlətin humanitar yardımının tranzit keçməsinə şərait yaratması xüsusilə qeyd olunmalı məqamlardandır. Məlumdur ki, Azərbaycan və İran prezidentlərinin telefon danışıqları zamanı da bu məsələ diqqətdə olmuş və İran Prezidenti bununla bağlı Azərbaycan Prezidentinə təşəkkürünü çatdırıb”.

Z.Şükürov xatırladıb ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra dövlətimizin irəli sürdüyü sülh təşəbbüsü Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə mühüm töhfə verməklə yanaşı, heç şübhəsiz regionda sülh və sabitliyin, inkişafın, regional əməkdaşlığın təmin edilməsində əhəmiyyətli rol oynayan faktorlardandır: “Bu xüsusda İİR qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsi ümumilikdə regionumuzun maraqlarına xidmət edir.

Azərbaycan, nəinki regionun lider dövlətlərindən biri kimi, həmçinin beynəlxalq ictimaiyyətin məsuliyyətli və etibarlı üzvü olaraq bölgəmizdə sülhün və təhlükəsizliyin təmin edilməsinə xüsusi önəm verir. Milli maraqlarımıza uyğun, uzaqgörən, prinsipial və balanslı siyasətimiz ölkəmizə inam və etimadı artırmaqla, qlobal miqyasda da dövlətimizin nüfuzuna müsbət təsir göstərəcək. Məhz bu siyasətin nəticəsidir ki, yeni dünya düzəninin formalaşdığı, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə cavabdeh beynəlxalq mexanizmlərin işləmədiyi, güc faktorunun önə çıxdığı, yaxın bölgələrdə münaqişlərin davam etdiyi bir dönəmdəAzərbaycan təhlükəsizlik adasına çevrilib”.

Nigar Həsənli
Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr