AZ

İmtahanın əsas məqsədi şagirdi “aldatmaq” yox, biliyini yoxlamaqdır

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın təhsil gündəmində qəbul imtahanları ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Təhsil naziri Emin Əmrullayev imtahan suallarının məzmunu və mövcud qəbul mexanizmləri ilə bağlı narazılığını ifadə edərək, bu sahədə dəyişikliklərin zəruri olduğunu bildirib. Bəs mövcud qəbul sistemi və imtahan suallarının strukturu həqiqətən dəyişməlidir?Bu barədə təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a açıqlama verib.O deyib ki, hazırda mövcud universitetə qəbul və buraxılış imtahanları, xüsusilə də bəzi fənlər üzrə, həddindən artıq çətin və bəzən də çaşdırıcı xarakter daşıyır:“Təəssüf ki, müəyyən hallarda suallar şagirdin real bilik səviyyəsini yoxlamaqdan daha çox onu çaşdırmaq, səhvə sürükləmək məqsədi ilə tərtib olunur. Xüsusilə riyaziyyat fənni üzrə hər il müxtəlif narazılıqların yaranması, hətta bəzi suallarda texniki və ya məntiqi səhvlərin qeyd olunması bu problemin sistemli xarakter daşıdığını göstərir. Halbuki imtahanın əsas məqsədi şagirdi “aldatmaq” yox, onun bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək olmalıdır. Bu gün dünyada tendensiya fərqlidir. Bir çox inkişaf etmiş ölkələrdə imtahanlar sadələşdirilir, universitetə qəbul prosesi daha əlçatan edilir, əsas çətinlik isə ali təhsil mərhələsində qoyulur. Bizdə isə əksinə, qəbul mərhələsi həddindən artıq çətinləşdirilir və bu da cəmiyyətdə “imtahan qorxusu” formalaşdırır. Nəticədə valideynlər uşaqları hələ 4-5-ci sinifdən repetitor və hazırlıq kurslarına yönləndirir ki, gələcəkdə imtahandan uğurla keçə bilsinlər”.O qeyd edib ki, xüsusilə buraxılış imtahanlarında bəzi fənlər üzrə çətin və qəliz sualların salınması məqsədəuyğun deyil:“Çünki bu imtahanlarda yalnız universitetə hazırlaşanlar deyil, peşə təhsili, kollec və ya fərqli sahələrə yönəlmək istəyən şagirdlər də iştirak edir. Məsələn, gələcəkdə musiqiçi, idmançı və ya rəssam olmaq istəyən bir şagird üçün riyaziyyatdan həddindən artıq çətin sualların verilməsi nə dərəcədə əsaslıdır? Bu, ciddi sual doğurur. Əgər çətinlik tətbiq olunacaqsa, bu daha çox ixtisas (blok) imtahanlarında öz əksini tapmalıdır. Buraxılış imtahanları isə ümumi təhsil səviyyəsinin qiymətləndirilməsi funksiyasını daşımalıdır və daha balanslı olmalıdır. Bəzi ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, məsələn, Almaniya və Finlandiya kimi dövlətlərdə şagirdlərin məktəb illərində topladığı nəticələr əsas götürülərək universitetlərə qəbul həyata keçirilir. Bu isə həm imtahan stressini azaldır, həm də təhsilin keyfiyyətini daha düzgün qiymətləndirməyə imkan yaradır. Qeyd etmək lazımdır ki, Dövlət İmtahan Mərkəzi cəmiyyətdə ümumilikdə obyektiv və etibarlı qurum kimi tanınır və hörmət qazanıb. Məqsəd bu qurumu tənqid etmək deyil, əksinə, onun fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verməkdir. Lakin ayrı-ayrı hallarda, xüsusilə bəzi fənlər üzrə sual tərtibatında problemlərin olması bu nüfuza xələl gətirə bilər. İmtahan suallarını hazırlayan mütəxəssislərin fəaliyyəti daha ciddi nəzarətdə saxlanılmalı, problemli yanaşmalar aradan qaldırılmalı və daha obyektiv, aydın, şagirdin real bilik və bacarığını ölçən mexanizmlər tətbiq olunmalıdır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr