AZ

Çökən yollar, zədələnən avtomobillər: məsuliyyət kimdədir?

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Son vaxtlar paytaxt yollarında yaranan çökmələr sürücülər üçün ciddi problemlər yaratmağa başlayıb.

Xüsusilə, yağışlı hava şəraitindən sonra bəzi küçə və prospektlərdə asfalt örtüyünün dağılması, qəfil çuxurların yaranması avtomobillərə ziyan vurur. Sürücülər bildirir ki, bu cür hallarda nəqliyyat vasitələrinin texniki nasazlıqları artır, maddi zərər isə qaçılmaz olur.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, çökmələrin əsas səbəbi həm yol infrastrukturu ilə bağlıdır, həm də birbaşa əlaqəli olan su-kanalizasiya sisteminin düzgün qurulmaması və düzgün idarə edilməməsi ilə bağlıdır:

“Bu səbəbdən yağıntılı havalarda yollarda bu cür fəsadlar yaşanır.

Düşünürəm ki, əgər yağıntılar intensiv şəkildə davam edərsə, belə hallar daha da çox olacaq. Ona görə də vacib məsələ ondan ibarətdir ki, aidiyyəti qurumlar bütün yolları və su-kanalizasiya sistemlərini müayinə etməli, baş verə biləcək təhlükələrin qarşısını əvvəlcədən almalıdır.

Dünya təcrübəsində də geniş yayılan yanaşma ondan ibarətdir ki, hadisə baş verəndən sonra deyil, baş verməzdən əvvəl müdaxilə etmək lazımdır.

Qurumların nə qədər məsuliyyətli olacağı və məsələyə nə dərəcədə ciddi yanaşacağı isə zamanla bəlli olacaq.

Düşünürəm ki, dövlətin əsas hədəfi vətəndaşın təhlükəsizliyi və infrastrukturun qorunması olmalıdır. Bunun üçün isə qabaqlayıcı tədbirlərin görülməsi mütləqdir”.

Vəkil Zibeydə Sadıqova da mövzu ilə bağlı fikirlərini bizimlə bölüşüb. O bidirib ki, əgər yolların asfalt örtüyü hamar deyilsə və ya yağıntılardan sonra zədələnib və vaxtında təmir olunmayıbsa, nəticədə avtomobillərə zərər dəyibsə, sürücülər yolların saxlanılması və təmiri üçün məsuliyyət daşıyan qurumları və ya asfalt örtüyünü çəkən şirkətləri məhkəməyə cəlb edə bilərlər:

“Bu halda sürücülər dəyən maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Bu münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və “Avtomobil yolları haqqında” Qanunla tənzimlənir.

Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulan zərərin tam şəkildə ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulan şəxsin pozulan hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakının zədələnməsi və ya itirilməsi (real zərər), həmçinin hüququ pozulmasaydı əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) nəzərdə tutulur. Eyni zamanda, zərərin müəyyən edilməsində zərərçəkənin və digər şəxslərin davranışlarının zərərin yaranmasına nə dərəcədə təsir etdiyi də nəzərə alınır”.

Əlavə olaraq Vəkil vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin 350-ci maddəsinə əsasən, avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müxtəlif məbləğlərdə cərimə edilirlər:

“Həmçinin, yolların saxlanılması və təhlükəsiz hərəkət şəraitinin təmin olunmaması 351-ci maddəyə əsasən məsuliyyət yaradır. Bundan əlavə, yolların və nəqliyyat vasitələrinin zədələnməsi və ya yararsız vəziyyətə salınması da inzibati məsuliyyətə səbəb olur.

Yolların keyfiyyətsizliyi nəticəsində avtomobilinə zərər dəyənsürücü bu addımları atmalıdır. İlk olaraq, müvafiq qurumlara (polis, aidiyyəti dövlət orqanları və s.) məlumat vermək və rəsmi şikayət etməlidir. Daha sonra avtomobilə dəyənzərərin müəyyən edilməsi üçün ekspertizaya müraciət etmək, hadisə yerinə dair foto və video sübutlar toplamaq və zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməlidir.

Nəticə etibarilə, dövlət orqanları və aidiyyəti qurumlar yolların təhlükəsiz vəziyyətdə saxlanılmasına məsuliyyət daşıyır və bu öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vətəndaşlara dəyən zərər qanunvericiliyə uyğun olaraq kompensasiya edilməlidir"./informator.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
avtosfer.az

1Mənbələr