AZ

ABŞ ilə İran arasında danışıqlardan nəticə çıxmaması və Hörmüz boğazı ətrafında risklərin qalması qızıl bazarında qeyri müəyyənliyi artırır

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ və İran arasında İslamabad şəhərində keçirilən kritik danışıqlardan nəticə əldə olunmaması bazarlarda narahatlığı artırıb. Xüsusilə Hörmüz boğazı ilə bağlı risklər və geosiyasi gərginlik qızıl qiymətlərində dalğalanmanı gücləndirib. Ekspertlər atəşkəsə baxmayaraq, bazarlarda hələ də ehtiyatlı və qeyri-müəyyən bir tendensiyanın davam etdiyini bildirir.Bu qeyri-müəyyənlik fonunda qızıl qiymətləri yaxın günlərdə hansı istiqamətdə dəyişə bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında danışıqlardan nəticə çıxmaması və Hörmüz boğazı ətrafında risklərin qalması qızıl bazarında qeyri-müəyyənliyi artırır: “Belə hallarda investorlar adətən daha təhlükəsiz aktivlərə yönəlir və qızıl bu baxımdan əsas seçimlərdən biridir. Yaxın günlərdə qızıl qiymətlərinin istiqaməti əsasən xəbərlərin tonundan asılı olacaq. Əgər gərginlik artarsa və ya yeni risk siqnalları ortaya çıxarsa, qızıla tələbat yüksələ bilər və qiymətlər artım istiqamətində hərəkət edər. Əksinə, tərəflər arasında yumşalma, danışıqların bərpası və ya risklərin azalması ilə bağlı xəbərlər gəlsə, qızıl üzərində təzyiq yarana bilər və qiymətlərdə qısamüddətli enmə görülə bilər”.

İqtisadçı qeyd edib ki, hazırkı şəraitdə bazar daha çox “ehtiyatlı gözləmə” rejimindədir: “Qızıl qiymətləri yaxın günlərdə kəskin bir istiqamətdə sabit hərəkət etməkdən çox, dalğalanma ilə və xəbərlərə həssas şəkildə dəyişə bilər. Ümumilikdə, risklər yüksək qaldığı üçün qızılın aşağı düşməkdən çox, müəyyən dəstək səviyyələrində qalması və fürsət olduqca yuxarı yönlü reaksiyalar verməsi daha real görünür”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
bizimyol.info

1Mənbələr