"Dövlət İmtahan Mərkəzi tərəfindən yazı işlərinin yoxlanılmasında süni zəkanın tətbiqi istiqamətində aparılan işlər yaxın gələcəkdə açıq tipli sualların qiymətləndirilməsində bu texnologiyadan geniş istifadə olunacağını vəd edir. Bu prosesdə ən vacib məqam obyektivliyin necə təmin edilməsidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələri üzrə ekspert Elçin Əfəndi bildirdi.
"Məlumdur ki, açıq yazılı suallar cavablandırılarkən qiymətləndirmə bir neçə xüsusi meyar üzərindən aparılır. Hər hansı mövzu üzrə biliklər yoxlanılarkən müəyyən edilmiş iki, üç və ya daha çox optimal meyarlar əsas götürülür. Marker müəllimlərin yoxlama zamanı rəhbər tutduğu bu amilləri süni zəkaya tapşırıq olaraq mənimsətməklə, prosesin daha dəqiq icrasına nail olmaq mümkündür", - deyə o qeyd etdi.
Müsahibimiz əlavə etdi ki, müəyyən mənada süni zəkanın verdiyi qiymətin daha obyektiv olacağını düşünmək olar.
"Belə ki, insan amili bəzi nüansları gözündən qaçıra bilsə də, süni zəka müəyyən edilmiş meyarlar çərçivəsində daha ardıcıl fəaliyyət göstərir. Bununla belə, sistemin etibarlılığını artırmaq üçün həm müəllimin, həm də süni zəkanın iştirak etdiyi ikili yoxlanış mexanizmi nəzərdə tutulur. Hər hansı uyğunsuzluq yarandıqda yekun qərarın yenidən təcrübəli marker müəllim tərəfindən verilməsi ümumi obyektivliyi tam sığortalamış olur. Nəticə etibarilə, süni zəkanın imkanlarından yararlanmaq həm imtahan nəticələrinin daha qısa müddətdə elan edilməsinə, həm də bütün prosesin daha sürətli və effektiv idarə olunmasına əhəmiyyətli təkan verəcəkdir", - deyə Elçin Əfəndi bildirdi.
Xədicə BAXIŞLI