AZ

Baş mühasib Vergi İdarəsini belə talan edib – CİNAYƏT DOSYESİ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin sabiq baş mühasibi Rəşad Babayevin cinayət işi yekunlaşıb.

Musavat.com xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq göstərir ki, Rəşad Babayev 2022–2025-ci illər ərzində qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. İttihamın mahiyyəti isə xüsusilə diqqətçəkəndir. Vergi orqanında vəsaitlərin “itməsi” hansısa mürəkkəb sxemlə deyil, birbaşa rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə həyata keçirilib. Başqa sözlə, sistem daxilində olan şəxs sistemin özünü aldatmaqla məşğul olub.

Əməkhaqqı təyinatlı köçürmələr üzərindən aparılan bu mexanizm, əslində, klassik mənimsəmə üsullarının yeni texnoloji formatda təzahürüdür. Sənədlərdə rəqəmlər “düzəldilir”, informasiya bazasında məlumatlar “uyğunlaşdırılır” və nəticədə dövlət vəsaiti şəxsi gəlirə çevrilir. Bu işdə diqqət çəkən əsas məqamlardan biri də cinayətin uzun müddət – təxminən 3 il ərzində davam etməsidir. Daxili nəzarət mexanizmləri həmin müddət ərzində niyə işə düşməyib və maliyyə intizamına cavabdeh olan strukturlar bu cür müdaxilələri zamanında niyə müəyyən etməmələri də açıq qalan suallardandır. Rəşad Babayevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

E.Məmmədəliyev,
Musavat.com

 

Seçilən
34
musavat.com

1Mənbələr