Böyük Britaniyanın Baş naziri Kir Starmer hökumətin yeni qanun layihəsi üzərində işlədiyini açıqlayıb.
“BBC” xəbər verir ki, layihəyə əsasən, ölkə bəzi hallarda Avropa İttifaqının (Aİ) vahid bazar qaydalarını adi parlament səsverməsi olmadan qəbul edə bilər.
Yeni qaydaların əsas məqsədi Böyük Britaniyanın qida standartları və təhlükəsizlik sahəsində Aİ ilə uyğunlaşmasını təmin etməkdir. Hökumət bildirir ki, bu addım biznes xərclərini azaldacaq, ticarətdəki bürokratik maneələri aradan qaldıracaq və ərzaq qiymətlərinin aşağı düşməsinə kömək edəcək.
Məsələ ilə bağlı Böyük Britaniyanın Mühafizəkarlar və İslahat partiyaları ciddi etirazlarını bildiriblər. Onlar hesab edirlər ki, bu plan Böyük Britaniyanın yenidən Aİ-nin təsiri altına düşməsinə səbəb ola bilər. Hökumət isə vurğulayır ki, qanun layihəsi parlament nəzarətindən keçəcək və yeni razılaşmalar ölkə iqtisadiyyatı, fermerlər və istehsalçılar üçün faydalı olacaq.
Bu ilin sonlarında Böyük Britaniya və Aİ arasında yeni sammitin keçirilməsi gözlənilir. Sammitdə ticarət, enerji, müdafiə və digər sahələrdə daha geniş əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”