Hazırda paytaxtın bir çox mağazalarında və meyvə-tərəvəz dükanlarında çiyələk satılır. Normalda bu aylarda satılan çiyələk mövsüm zamanı satılan qiymətdən bir qədər baha olur. Lakin hazırda mağazalarda çiyələyin qiyməti demək olar ki, mövsüm qiymətinə satışa qoyulub.
Bəs hazırda satılan çiyələklərin sağlamlıq üçün təhlükəsi varmı?
Redaktor.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirdi ki, meyvə və tərəvəzlərin, xüsusilə də giləmeyvələrin öz mövsümündə istehlak edilməsi sağlamlıq baxımından ən doğru yanaşmadır:
"Bu səbəbdən hər bir kənd təsərrüfatı məhsulunu məhz yetişmə vaxtında almağa çalışmaq lazımdır. Günümüzdə satışda olan və mövsümündən çox əvvəl yetişdirilən çiyələklərdə məhsuldarlığı artırmaq və sürətli yetişməni təmin etmək üçün həddindən artıq gübrə və kimyəvi maddələrdən istifadə olunur. Diqqət yetirdikdə görmək olar ki, bu növ çiyələklər adətən eyni ölçüdə, eyni parıltıda və vahid formada olur. Halbuki təbii şəraitdə, bağ və bostanlarda yetişən çiyələklər müxtəlif ölçülərdə bəzən kiçik, bəzən orta və ya iri olur".

Onun sözlərinə görə, istixana şəraitində yetişdirilən bu məhsullarda istifadə olunan gübrələrin dozası və kimyəvi maddələrin miqdarı ciddi suallar doğurur:
"Prosesin mütəxəssis nəzarəti altında, yoxsa təsərrüfat sahiblərinin subyektiv qərarları ilə həyata keçirilməsi qaranlıq qalır. Bir çox hallarda süni yolla yetişdirilən bu çiyələklərdə meyvə dadı hiss olunmur, əksinə, istifadəçilər onlarda kimyəvi maddə qoxusu və dadı duyduqlarını bildirirlər. Mütəxəssis rəyi və elmi əsaslandırma olmadan tətbiq edilən gübrələr istehlakçıların sağlamlığını birbaşa təhlükə altına atır. Sıradan bir insanın mütəxəssis məsləhəti olmadan hansı gübrənin nə dərəcədə keyfiyyətli və ya effektiv olduğunu müəyyən etməsi çətindir. Dövlət tərəfindən kənd təsərrüfatının inkişafı üçün hər cür şərait yaradılır, sahibkarlar vergilərdən azad edilir və müxtəlif subsidiyalar ayrılır. Lakin bu imtiyazlar insanların sağlamlığını riskə atmaq bahasına olmamalıdır. Bu baxımdan, mövsümündən əvvəl satışa çıxarılan kənd təsərrüfatı məhsullarının Qida Təhlükəsizliyi Agentliyinin və müvafiq İnstitutun laborator analizləri və rəsmi rəyi olmadan bazara çıxarılmasına icazə verilməməlidir. İnsan sağlamlığının qorunması üçün bu növ məhsulların satışı yalnız ciddi mütəxəssis nəzarətindən keçdikdən sonra mümkün olmalıdır".
Xədicə BAXIŞLI