Bakı, 13 aprel, AZƏRTAC
Müasir beynəlxalq münasibətlər sistemi dərin və çoxşaxəli transformasiya mərhələsindən keçir. Qlobal güclər arasında rəqabətin artması, regional münaqişələrin kəskinləşməsi, enerji, ərzaq və təhlükəsizlik problemlərinin aktuallaşması dövlətlərin strateji davranış modellərini yenidən formalaşdırır. Belə mürəkkəb və qeyri-müəyyən geosiyasi şəraitdə sabitliyi qoruyub saxlamaq və davamlı inkişafı təmin etmək hər bir dövlət üçün ciddi çağırışdır. Bu baxımdan, Azərbaycan yalnız regionda deyil, daha geniş coğrafiyada sabitlik “adası” kimi çıxış edir və praqmatik siyasəti ilə seçilən mühüm aktora çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
S.Salmanova vurğulayıb ki, Azərbaycanın xarici siyasət kursu balanslı və çoxşaxəlidir. Ölkə müxtəlif siyasi qütblər arasında qarşıdurmalardan kənarda qalaraq, əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə üstünlük verir. Bu praqmatik yanaşma Azərbaycanın həm Şərq, həm də Qərb ölkələri ilə uğurlu münasibətlər qurmasına imkan yaradıb. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın əsas məqsədi müstəqil siyasət yürütmək və milli maraqları hər şeydən üstün tutmaqdır.
“Sabitliyin əsas dayaqlarından biri də güclü iqtisadiyyatdır. Azərbaycan son illər ərzində iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlər əldə edib, xüsusilə enerji sektorunda həyata keçirilən uğurlu layihələr nəticəsində qlobal enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələrinin genişləndirilməsi və regionların sosial-iqtisadi tərəqqisi ölkənin dayanıqlığını daha da artırıb. Azərbaycanın nəqliyyat və logistika sahəsində artan rolu da onun strateji əhəmiyyətini yüksəldən əsas amillərdəndir. Ölkəmiz coğrafi mövqeyindən səmərəli istifadə edərək beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilib. Bu isə yalnız iqtisadi deyil, həm də siyasi və geostrateji baxımdan ölkəmizin rolunu gücləndirir, regionda sabitliyin təmininə töhfə verir”, - deyə deputat qeyd edib.
O bildirib ki, regionda sülh və təhlükəsizlik məsələləri də Azərbaycanın prioritet istiqamətlərindən biridir: “Ölkəmiz hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qaldığını nümayiş etdirib. Postmünaqişə dövründə regionda davamlı sülhün təmin olunması istiqamətində irəli sürülən təşəbbüslər, kommunikasiyaların açılması və əməkdaşlıq platformalarının yaradılması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir”.
Qeyd olunub ki, qlobal çağırışların artdığı bir dövrdə Azərbaycanın seçdiyi inkişaf modeli – sabitlik, əməkdaşlıq və praqmatik siyasəti öz effektivliyini sübut edir: “Bu model ölkəmizə həm daxili dayanıqlığı qorumağa, həm də beynəlxalq müstəvidə nüfuzunu artırmağa imkan verir. Eyni zamanda, bu yanaşma digər dövlətlər üçün də uğurlu nümunə kimi çıxış edir. Müasir dünyanın mürəkkəb və dəyişkən şəraitində Azərbaycan özünü sabitlik, təhlükəsizlik və inkişaf məkanı kimi təsdiqləyib. Praqmatik siyasət, güclü dövlət idarəçiliyi və milli maraqlara əsaslanan strateji kurs sayəsində ölkəmiz regionda və daha geniş miqyasda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bu kursun ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanın gələcəkdə də qlobal müstəvidə etibarlı tərəfdaş və sabitlik mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək”,- deyə o bildirib.