Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov kollec təhsilinin müasir dövrdə rolu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, kolleclər artıq yalnız keçid mərhələsi deyil, sürətli ixtisaslaşma platformasına çevrilməlidir.
Onun sözlərinə görə, son illər təhsil sistemi ilə bağlı müzakirələrdə əsas diqqət çəkən məsələlərdən biri əmək bazarının tələbləri ilə təhsil nəticələri arasında yaranan zaman fərqidir. O qeyd edib ki, bazar sürətlə dəyişir, lakin kadr hazırlığı bu tempə hər zaman uyğunlaşa bilmir.
Davud Davudov bildirib ki, bu baxımdan orta ixtisas təhsili müəssisələri – kolleclər bu boşluğu doldura biləcək ən uyğun platformadır. Onun fikrincə, uzun illər kolleclər daha çox universitetə keçid mərhələsi kimi qəbul olunub və bu yanaşma onların real potensialını kölgədə qoyub.
Direktor vurğulayıb ki, kollec təhsili öz mahiyyətinə görə qısa müddətdə konkret ixtisas qazandıran, çevik və nəticəyönümlü modeldir. Onun sözlərinə görə, müasir dövrdə gənclər üçün 4 il deyil, daha qısa müddətdə – təxminən 2 il ərzində ixtisas sahibi olmaq mühüm üstünlükdür.
O əlavə edib ki, bu model gənclərin əmək bazarına daha tez daxil olmasına şərait yaradır və bu, həm fərdi inkişaf, həm də iqtisadi aktivlik baxımından əhəmiyyətlidir.
Davud Davudovun sözlərinə görə, kolleclərin bu yanaşması işəgötürənlər üçün də əlverişlidir. Belə ki, müəssisələr daha qısa müddətdə ilkin peşə bacarıqlarına malik kadrlar əldə edə bilirlər. Bu isə biznes subyektlərinin daha operativ fəaliyyət göstərməsinə imkan yaradır.
O həmçinin qeyd edib ki, praktik bacarıqlara malik gənclərin iş tapmaq imkanları daha geniş olur və bu model həm iş axtaran, həm də işəgötürən üçün qarşılıqlı faydalı nəticələr yaradır.
Direktor diqqətə çatdırıb ki, cəmiyyətdə kolleclərlə bağlı mövcud stereotiplər də dəyişməlidir. Onun fikrincə, kollec təhsili alternativ yox, məqsədli və effektiv seçim kimi təqdim olunmalıdır.
Sonda Davud Davudov vurğulayıb ki, bu istiqamətdə uğur əldə etmək üçün tədris daha praktik yönümlü qurulmalı, işəgötürənlər isə təhsil prosesində daha aktiv iştirak etməlidirlər.


