Qastroenteroloq Andrey Simakov sağlamlığa zərər vermədən gündə nə qədər mayonez yeməyin mümkün olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə gazeta.ru-ya verdiyi müsahibədə danışıb.
Mütəxəssisin sözlərinə görə, hər şey insanın ümumi qidalanma rasionundan asılıdır. Əgər menyuda kolbasa, pendir, yağlı ət və şirniyyatlar çoxdursa, hətta az miqdarda mayonez də artıq ola bilər. Daha yüngül qidalanmada isə mayonez menyuya daha rahat daxil edilə bilər.
Simakov bildirib ki, əsas diqqət ümumi yağ normasına yönəldilməlidir. Yağlar gündəlik kalorinin təxminən 30 faizini təşkil etməli, doymuş yağlar isə 10 faizdən çox olmamalıdır. O əlavə edib ki, normal qidalanma üçün gündə hər kiloqram bədən çəkisinə 0,8–1 qram yağ qəbul etmək kifayət sayılır.
Həkim həmçinin vurğulayıb ki, bitki və heyvan mənşəli yağlar arasında balans qorunmalıdır. Onun sözlərinə görə, mayonez tez-tez yeməklərə əlavə olunduğu üçün insanlar qəbul etdikləri kalorini düzgün hesablamır və bu da gün ərzində artıq kalori qəbuluna səbəb ola bilər.
Aytəkin TOFİQQIZI