AZ

Seyflərdən darvazalara qədər – Ölkədə ŞOK oğurluq dalğası

Paytaxt və bölgələrdən ard-arda oğurluq xəbərləri gəlməkdədir. Daxili İşlər Nazirliyinin açıqladığı son faktlara diqqət yetirək.

Sabunçu rayonunda evdəki seyfdən 320 min manatın oğurlanması faktı qeydə alınıb. Ən diqqətçəkən məqam isə cinayəti törədən şəxsin zərərçəkmişin öz qohumu – 32 yaşlı Rəhman Əşrəfov olmasıdır. O, saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Suraxanı rayonunda anbarlardan 13 ədəd dəmir darvaza və su çənləri oğurlanıb. Saxlanılan şəxslərin bu əşyaları əlvan metal kimi satdıqları müəyyən olunub. Bu fakt artıq oğurluğun “sənaye xarakteri” aldığını göstərir.

Nəsimi, Yasamal və Binəqədi rayonlarında üç fərqli marketdən oğurluq edən 5 nəfər saxlanılıb. Onların əsas “marağı” tütün məmulatları və spirtli içkilər olub – daha sonra isə bunları ucuz qiymətə realizə ediblər.

Biləcəridə iki evdən ümumilikdə 10 min manatdan çox pul və qızıl oğurlayan, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. Araşdırma göstərir ki, o, əvvəlcə ərazidə müşahidə aparıb, ev sahiblərinin yoxluğundan istifadə edib.

Ağsuda 120 metr uzunluğunda su borularının oğurlanması faktı qeydə alınıb. Bu, artıq təkcə fərdi yox, ictimai əhəmiyyətli obyektlərə yönələn cinayətlərin artdığını göstərir.

MAHMUD.jpg

Keçmiş polis rəisi Mahmud Hacıyev Musavat.com-a deyib ki, oğurluqların artmasını şərtləndirən səbəblər müxtəlifdir:

“Oğurluqda motiv tamahdır. Mənzil oğurluqlarında, şəxsi əmlakların oğurluğunda, dövlət əmlaklarının oğurluğunda da motiv tamahdır. Tamah motivi ilə bağlı baş verən cinayətlərin ölkələr üzrə statistikasına baxdıqda motivi yaradan müəyyən əlamətlər toplumu nəzərə çarpır. Son dövrlər törədilən oğurluq cinayətlərini əvvəllər məhkum edilməyən şəxslərin törətdiyi aydınlaşır. Tamah motivini yaradan amillərdən biri də işsizlik, sosial-iqtisadi problemlər, narkomaniyaya qurşanma, sərxoşluğa meyillilikdir. Belə amillər tamah motivi yaradır və bu halda cinayətkar aləmin ünsürləri kənarda qalır, cinayəti bu aləmdən kənar şəxslər törədir, oğurluq edir. Bundan başqa, bu gün insanların cibində pul yoxdur. İşsizlik, bahalaşma fonunda cinayətə meyl artır. Xüsusilə də “asan qazanc” axtaranlar üçün oğurluq ən primitiv çıxış yolu kimi görünür. Cinayətkarların böyük hissəsi düşünür ki, ya tutulmayacaq, ya da yüngül cəza ilə qurtaracaq. Təkrar cinayət törədənlərin sayına baxanda bu açıq görünür”.

Mahmud Hacıyev bildirib ki, cinayətkarı yalnız həbs etməklə yox, cinayətə aparan səbəbləri aradan qaldırmaqla dayandırmaq olar:

“Cinayət törətmək cinayətkarın xarakteridir. Onun maddi imkanı yaxşı və ya pis olsa da, cinayət törətməyə gedir. Cinayət faktları gizli və ya aşkar surətdə baş verir. Cinayətin üstünün tez bir zamanda açılması da bu məqamdan çox vaxt asılı olur. Xuliqanlıq, soyğunçuluq aşkar surətdə, oğurluq faktı isə gizli şəraitdə baş verən cinayətdir. Xüsusən mənzil oğurluqları gizli şəraitdə baş verən cinayətdir. Açılması da ona görə çox vaxt aparır, istintaq müddəti uzanır. Aşkar surətdə törədilən cinayətlərin açılma statistikası ilə gizli surətdə törədilən cinayətlərin açılma statistikası arasında fərq həmişə olur. Aşkar surətdə törədilən cinayətlərin üstü daha tez və daha çox açılır. Oğurluq gizli surətdə baş verdiyindən üstünün açılması da bir qədər çətin olur. Oğurluq əvvəlcədən bir və ya bir neçə şəxs tərəfindən planlaşdırılan cinayətdir. Oğurluğa əvvəlcədən hazırlıqlar görülür. Mənzil, oğurluğun baş verəcəyi məkan nəzarətə götürülür. Mənzil sahibi nə vaxt gedir, nə vaxt gəlir, mənzildə neçə nəfər yaşayır, nə vaxt mənzildə heç kim olmur və s. bu kimi məsələlər aydınlaşdırılır. Mənzilə haradan, nə vaxt girmək aydınlaşdırılır. Hazırlığın özündən baş vermiş cinayətin açılma ehtimalı da çox asılıdır. Əgər hazırlıqsız oğurluq olubsa, üstünü açmaq bir qədər asan olur. Oğurluğa uzun zaman hazırlıq görülübsə, hər bir detal nəzərə alınıbsa, belə cinayətin üstünün açılması da çətin olur”.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr