ABŞ və İran arasında artan gərginlik Yaxın Şərqdə təhlükəsizlik arxitekturasını yenidən gündəmə gətirir və region ölkələri üçün, o cümlədən Azərbaycan üçün də risk və çağırışlar yaradır. Xüsusilə enerji marşrutları, ticarət yolları və ümumi geosiyasi sabitlik baxımından baş verənlər diqqətlə izlənilir. Vaşinqtonun mümkün blokada addımı yalnız ikitərəfli münasibətlərin deyil, həm də beynəlxalq hüquq normalarının və böyük güclərin mövqelərinin sınağa çəkilməsi kimi qiymətləndirilir.
Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, hazırda ABŞ və İran arasında qarşıdurma, İsrail faktoru ayrıca qalmaqla, əsasən asimmetrik mübarizə müstəvisinə keçib:

“Hazırkı mərhələdə tərəflər birbaşa hərbi toqquşmalardan daha çox qeyri-ənənəvi üsullara üstünlük verirlər. Bu isə müasir dövrdə yüksək texnologiyaların, rəqəmsallaşmanın və informasiya faktorunun münaqişələrin gedişinə ciddi təsir göstərdiyini ortaya qoyur. Bu təsirlərin müsbət və ya mənfi olduğunu birmənalı demək çətin olsa da, onların həm hərbi, həm də psixoloji-mənəvi sahədə rolunun artdığı aydın görünür.
ABŞ-a gəldikdə isə, Donald Trampın hazırkı davranışlarında müəyyən daxili təzyiqlərin və siyasi çətinliklərin izləri hiss olunur. Bir tərəfdən İsrailin təşviqi ilə daha genişmiqyaslı qarşıdurmaya cəlb olunması, digər tərəfdən isə bu istiqamətdə irəli sürülən arqumentlərin özünü doğrultmaması Vaşinqton üçün mürəkkəb vəziyyət yaradıb. Məlumdur ki, ABŞ-da ən qapalı qərarvermə mühitlərindən birində belə məsələlər müzakirə olunur və ötən dövrdə İsrailin baş naziri Benyamin Netanyahunun həmin müzakirələrə cəlb olunması da diqqət çəkən məqam idi. Həmin görüşlərdə İranla qarşıdurmanın genişləndirilməsi ideyası irəli sürülsə də, ABŞ daxilində bu yanaşmaya şübhə ilə yanaşan qüvvələr də az olmayıb. Buna baxmayaraq, Tramp bu xətti dəstəkləyərək İranın nüvə proqramının məhdudlaşdırılması, raket potensialının zəiflədilməsi və regiondakı təsir imkanlarının azaldılması kimi məqsədləri önə çıxarıb”.
Ekspertin sözlərinə görə, qarşıya qoyulan bu hədəflər nə ABŞ, nə də İsrail üçün tam şəkildə reallaşmayıb:
“Bu planların böyük hissəsi praktik nəticə vermədi və nəticədə ABŞ hazırda mürəkkəb geosiyasi vəziyyətlə üz-üzə qalıb. Müharibəyə başlamaq bir məsələdirsə, ondan çıxmaq daha çətin prosesdir. Qlobal güc kimi ABŞ üçün geri addım atdığını etiraf etmək də asan deyil. Bu baxımdan, regionda blokada kimi addımlar alternativ çıxış yolu kimi gündəmə gətirilir.
Lakin belə bir addımın ABŞ üçün effektiv olacağı inandırıcı görünmür. Əksinə, strateji boğazlarda gərginliyin artması enerji daşıyıcılarının qiymətlərinin kəskin yüksəlməsinə səbəb ola bilər. Bu isə ilk növbədə ABŞ-ın daxili bazarına təsir edərək yanacaq qiymətlərinin artmasına gətirib çıxarar. ABŞ cəmiyyətində enerji qiymətləri siyasi proseslərə birbaşa təsir göstərən əsas amillərdən biri olduğu üçün bu faktor xüsusi həssaslıq daşıyır.
Mövcud şəraitdə ən optimal yanaşma strateji təmkinin qorunmasıdır. İranın indiyədək nümayiş etdirdiyi nisbi təmkin gələcək mərhələdə də həlledici rol oynaya bilər. Hərbi baxımdan ABŞ-ın üstünlüyü danılmazdır, lakin qeyri-ənənəvi və daha çevik taktiki yanaşmalar baxımından İran müəyyən üstünlüklər əldə edə bilər. Bu çərçivədə Tehran aşağıdakı istiqamətlərdə addımlar ata bilər:
– ABŞ-ın hərbi-dəniz qüvvələrinin fəaliyyətini körfəz bölgəsində çətinləşdirmək;
– enerji bazarlarına təsir göstərərək neft və yanacaq qiymətlərinin artımını stimullaşdırmaq;
– iqtisadi təzyiq vasitəsilə ABŞ-ın mövqelərini zəiflətmək.
Bunun üçün isə İran daxilində sabitliyin qorunması əsas şərtdir. Eyni zamanda, üçüncü tərəf kimi İsrailin proseslərə müdaxiləsi ehtimalı da yüksək olaraq qalır. Daxili siyasi səbəblər fonunda İsrail rəhbərliyinin regionda gərginliyi artırmağa maraqlı ola biləcəyi istisna edilmir. Bununla belə, proses nə qədər uzansa da, daxili siyasi məsuliyyətdən yayınmaq uzunmüddətli həll yolu hesab oluna bilməz”.
“Ümumilikdə, hazırkı mərhələ qarşıdurmanın yeni və daha həssas fazaya keçdiyini göstərir. Hansı tərəfin üstünlük əldə edəcəyini indidən qəti şəkildə söyləmək çətindir. Çünki həm taktiki gedişlər, həm də qarşılıqlı reaksiyalar bu prosesdə həlledici rol oynayacaq,” – deyə politoloq fikrini yekunlaşdırıb.
//Gülnarə Abasova, Editor.az