Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:
" Bu baxımdan Orbanla bağlı Avropa İttifaqında kifayət qədər narazılıq formalaşmışdı. Həmçinin Avropa İttifaqı və ABŞ-ın müəyyən siyasi dairələrinin Orbanın hakimiyyətdən getməsində maraqlı olduğu, müxalifətə dəstək verildiyi iddia olunurdu. Biz bunu iki il əvvəl Macarıstanda keçirilən ciddi etiraz aksiyalarında da müşahidə etmişdik. Artıq seçkilər başa çatıb və yeni hökumət formalaşacaq. Müxalifət kifayət qədər inamlı qələbə qazanıb. Bu nəticə Avropa siyasətində çox ciddi dəyişikliklərə səbəb olmayacaq, lakin Avropa İttifaqında qərarların qəbulunun daha sürətli olmasına gətirib çıxara bilər. Çünki Macarıstanın mövqeyi səbəbindən konsensus əldə etmək əvvəllər zaman aparırdı.
Macarıstanın xarici siyasətində isə müəyyən xüsusiyyətlərin qalacağı ehtimal olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə bağlı balanslı mövqenin qorunması mümkündür. Müxalifət lideri artıq bəyan edib ki, onlar nə Rusiya, nə də Ukrayna yönümlü deyil, Macarıstan yönümlü siyasət yürüdəcəklər. Bununla yanaşı, Rusiya ilə münasibətlərin davam etdirilməsində də maraqlı olduqlarını bildiriblər. Çünki Macarıstan enerji baxımından Rusiya resurslarından asılı olan ölkələrdən biridir. Gələcəkdə yeni hökumətin hansı istiqamətdə siyasət aparacağı daha aydın görünəcək. Bizim üçün maraqlı məqamlardan biri də Orban dövründə əsası qoyulan türk dövlətləri ilə yaxınlaşma siyasətinin davam etdirilib-etdirilməyəcəyidir.
Azərbaycanla Orban dövründə Macarıstan arasında münasibətlər kifayət qədər inkişaf etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdi. Macarıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında dəstək verən ölkələrdən biri olub və bu, xüsusi olaraq dəyərləndirilir. Ümumilikdə, yaxın bir neçə ay ərzində Macarıstanın siyasətində hansı dəyişikliklərin baş verəcəyi daha aydın şəkildə ortaya çıxacaq".
Zeynəb Mustafazadə