Son situasiyalara uyğun olaraq diqqətlər yenidən Hörmüz boğazına yönəlib. İşarənin məhz bu strateji nöqtədən gələcəyi gözlənilir. Əgər gəmilərin hərəkəti normal şəkildə bərpa olunarsa, bu, tərəflər arasında müəyyən razılaşmanın, şərti olaraq “Hörmüz razılaşması”nın əldə olunduğuna işarə kimi qiymətləndirilə bilər.
Hazırkı vəziyyətdə əsas göstərici məhz dəniz nəqliyyatının taleyidir. Çünki regionda baş verən hər hansı gərginlik ilk növbədə gəmiçiliyə təsir edir. Əgər marşrutlar açıq qalarsa və ticarət axını fasiləsiz davam edərsə, bu, vəziyyətin nəzarət altında saxlanıldığını göstərir. Əks halda, gəmilərin dayanması və ya marşrutların məhdudlaşdırılması daha ciddi qarşıdurma riskindən xəbər verə bilər. Hətta ehtimallar var ki, ABŞ ilə İran arasındakı növbəti müharibə məhz Hörmüz boğazında başlaya bilər.
Bu baxımdan yaxın günlərdə Hörmüzdən gələcək siqnallar regiondakı proseslərin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirən əsas amillərdən biri olacaq.
“Hörmüz razılaşması” deyilən ehtimal nə dərəcədə realdır?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb: “Müharibədən öncə Hörmüz boğazının təhlükəsizliyi adında ayrıca bir mövzu yox idi. Hamı bu boğazdan rahat şəkildə istifadə edir, neftini daşıyır, tankerlər də maneəsiz şəkildə keçirdi. Elə ki, müharibə başladı, İran Hörmüz boğazını nəzarətə götürdü, zərbələr endirdi və indi də bildirir ki, rüsum ödənilməlidir – istədiyi tankeri buraxacaq, istəmədiyini buraxmayacaq. Bu isə vəziyyəti daha da gərginləşdirir. Ona görə ki, dünya neftinin təxminən 20 faizi məhz bu boğazdan daşınır və nəticədə enerji daşıyıcılarının qiyməti artıb”.

Politoloq qeyd edib ki, İranın rüsum tətbiq etməsi ikinci böyük problemdir və bu, ABŞ üçün də əlavə çətinlik yaradır:
“Vaşinqton buna cavab olaraq bildirir ki, o da əks tədbirlər görəcək, hətta rüsum ödəyən tankerlərin belə hərəkətinə məhdudiyyət qoya bilər. Lakin bu mexanizmin necə işləyəcəyi hələ də aydın deyil. Yəni, vəziyyət gərgin olaraq qalır. İslamabad görüşündə razılaşmanın əldə olunmamasının əsas səbəblərindən biri də məhz Hörmüz boğazı məsələsidir. İran müharibədən əvvəlki vəziyyətə qayıtmaq istəmir, yəni, boğazı yenidən tam şəkildə sərbəst istifadəyə açmaq niyyətində deyil. Rüsum və nəzarət məsələsini gündəmdə saxlayır. Bu isə hamıya ziyan vurur – İranın özünə də. Çünki əgər Tramp dediyini etsə və bölgə mühasirəyə alınarsa, İran neftinin də dünya bazarına çıxarılmasının qarşısı alına bilər”.
Elxan Şahinoğluya görə, bu vəziyyət Çinə də zərər vurur:
“Baxmayaraq ki, Pekin İran rejiminin ayaqda qalmasını istəyir, eyni zamanda, həm İranın, həm də Körfəz ölkələrinin neftini almaqda maraqlıdır. Belə çıxır ki, əgər ABŞ bölgəyə daha ciddi nəzarət etsə, Çinin ucuz enerji daşıyıcılarına çıxışı məhdudlaşa bilər. Ona görə də Hörmüz boğazı məsələsində böyük ehtimalla Çin İran hakimiyyətinə təzyiq etməlidir. Əgər bu təzyiq baş verməsə, vəziyyətin mürəkkəblikdən çıxması çətin görünür. İranın Çindən müəyyən asılılığı var və hətta atəşkəsin əldə olunması da müəyyən mənada Çinin səyləri ilə mümkün olub. Əgər Çin Hörmüz boğazı ilə bağlı balanslı bir həll yolu tapmağa çalışmasa, bu vəziyyət hamıya, o cümlədən Çinin özünə ciddi zərər verəcək”.
Xalidə Gəray,
Musavat.com