AZ

Akif Nəsirli: “Dövlət satınalmalarında icra problemləri planlaşdırma və nəzarət çatışmazlığından qaynaqlanır” – AÇIQLAMA

Dövlət satınalmalarının icrası ilə bağlı mövcud vəziyyət bir sıra sistemli problemlərin olduğunu ortaya qoyur.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli QHT.az-a açıqlamasında bildirib ki, “Dövlət satınalmalarının 30%-nin icra olunmaması ilk növbədə planlaşdırma və ehtiyacların düzgün müəyyən edilməməsi problemini göstərir. Bu, ya qurumların real tələbatı əvvəlcədən dəqiq hesablaya bilmədiyini, ya da təsdiqlənmiş planların icrası üçün institusional və ya prosedur maneələrin mövcud olduğunu göstərir. Eyni zamanda bu vəziyyət büdcə vəsaitlərinin səmərəli istifadə olunmadığını və ayrılmış resursların vaxtında iqtisadi dövriyyəyə daxil edilmədiyini ortaya qoyur.”

 

Ekspert qeyd edib ki, “Satınalmaların əsasən ilin son rübündə cəmlənməsi idarəetmədə sistemsizlik və qeyri-effektiv vaxt bölgüsündən xəbər verir. Bu hal adətən qərarların gecikməsi, prosedurların süni şəkildə uzadılması və ya il ərzində fəaliyyətin zəif təşkil olunması ilə bağlı olur. Nəticədə ilin sonuna yaxın tələsik satınalmalar həyata keçirilir ki, bu da şəffaflıq və rəqabət prinsiplərinin pozulması riskini artırır və keyfiyyətsiz seçimlərə gətirib çıxara bilər.”

 

Onun sözlərinə görə, “Daxili nəzarətin zəifliyi isə ümumilikdə hesabatlılıq və cavabdehlik mexanizmlərinin yetərincə işləmədiyini göstərir. Bu, həm maliyyə intizamının aşağı səviyyədə olduğunu, həm də mümkün korrupsiya və sui-istifadə risklərinin artdığını ifadə edir. Effektiv nəzarət mexanizmləri olmadıqda satınalma proseslərinin qanunvericiliyə uyğunluğu, səmərəliliyi və şəffaflığı təmin olunmur.”

 

Akif Nəsirli vurğulayıb ki, “Ümumilikdə bu problemlər dövlət idarəçiliyində strateji planlaşdırmanın zəifliyi, icra intizamının aşağı olması, koordinasiya çatışmazlığı və institusional məsuliyyət mexanizmlərinin yetərincə inkişaf etməməsi kimi daha geniş sistemli problemlərin mövcudluğunu göstərir.”

Zəhra Ağayeva

Seçilən
1
qht.az

1Mənbələr