Ötən günlərdə “Qarabağ” Futbol Klubunun İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda klub prezidenti Tahir Gözel, vitse-prezident Fevzihan Aras, baş direktor və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.
Görüş zamanı cari mövsümün gedişatı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, əldə edilən nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələri ilə yanaşı, təşkilati və idarəetmə məsələləri üzrə də geniş fikir mübadiləsi aparılıb.
Əldə etdiyimiz məlumata görə, iclasda mühim qərarlar qəbul edilib. Əsas müzakirə komandada köklü dəyişikliklərin olması və heyətə gənc futbolçuların cəlb edilməsi istiqamətində aparılıb. Baş məşqçi Qurban Qurbanov klubun artıq gənc oyunçulara yönəlməli olduqlarını qeyd edib.
Bunlarla yanaşı, cari mövsüm heyətdə çıxış edən bir neçə futbolçu ilə yolların ayrılacağı gözlənilir. Komandanın aparıcı oyunçularına ciddi təkliflər var. Onların əksəriyyəti yayda Ağdam təmsilçisini tərk edəcək.
İdmanxeber.az