AZ

Orbanın məğlubiyyəti ABŞ siyasətinə mesajdır – İDDİA

Macarıstandakı son seçkilərin nəticələri təkcə bu ölkə üçün deyil, ABŞ siyasəti üçün də ciddi siqnal kimi qiymətləndirilir.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşrində dərc olunan müəllif yazısında jurnalist Aleksandr Börns yazıb.

Məqalədə qeyd olunur ki, Macarıstanın baş naziri Viktor Orbanın seçkilərdə məğlub olması MAGA tipli siyasət üçün ciddi zərbədir. Bildirilir ki, Donald Tramp və vitse-prezident Cey Di Vens Orbanın hakimiyyətdə qalması üçün siyasi mövqelərini ortaya qoymuş, hətta Vens seçkilər ərəfəsində Budapeştə səfər edərək kampaniyada iştirak etmişdi.

Yazıda vurğulanır ki, bu nəticə Ağ ev üçün uğursuzluq, Orban üçün isə ciddi siyasi məğlubiyyət hesab olunur. Lakin müəllifə görə, əsas mesaj Respublikaçılardan çox Demokratlara yönəlib.

Belə ki, Orbanın məğlubiyyəti yeni tip siyasi modelin – köhnə partiyaları dağıdan, yeni hərəkatlar yaradan və seçkilərdə sürətlə uğur qazanan siyasətçilərin yüksəlişini göstərir. Bu modelin son nümunəsi kimi Peter Maqarın rəhbərlik etdiyi “Tisza” hərəkatı göstərilir.

Məqalədə qeyd olunur ki, Maqar əvvəl Orbanın partiyasında orta səviyyəli məmur olub, lakin daha sonra hökumətdən ayrılaraq müxalifətə keçib və ifşaedici materiallarla çıxış edib. Bu, onun qısa müddətdə siyasi liderə çevrilməsinə imkan yaradıb.

Müəllif bildirir ki, bu cür siyasətçilər dünyanın müxtəlif ölkələrində meydana çıxır – Emmanuel Makron, Xavyer Miley, Corciya Meloni, Rob Yetten kimi fiqurlar bu tendensiyanın nümunələri kimi göstərilir.

Eyni zamanda qeyd olunur ki, ABŞ-da bu modelin tətbiqi daha çətindir, çünki siyasi sistem yeni partiyaların sürətlə yüksəlməsinə imkan vermir. Buna baxmayaraq, Donald Trampın Respublikaçılar Partiyasını daxilindən dəyişməsi belə bir ssenarinin mümkün olduğunu göstərir.

Məqalədə Demokratlar Partiyasının son illərdə daha çox idarə olunan və sabit siyasi xəttə üstünlük verdiyi, Hillari Klintonın 2016-cı ildə namizədliyi, 2020-ci ildə Co Baydenın seçilməsi və 2024-cü ildə Kamala Harrisın irəli sürülməsi bu yanaşmanın nümunələri kimi təqdim olunur.

Müəllifin fikrincə, bu model hazırkı qeyri-sabit siyasi dövr üçün uyğun deyil və Demokratlar daha çevik, sistemə meydan oxuyan liderlərə diqqət yetirməlidir.

Yazının sonunda vurğulanır ki, gələcəkdə Trampın yerini tutacaq ən güclü siyasi fiqur ənənəvi sistem daxilində yüksələn deyil, onu sarsıdaraq dəyişən şəxs olacaq.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr