Azərbaycanın Avroviziya Mahnı Müsabiqəsi üzrə builki təmsilçisi Cəmilə Həşimova (səhnə adı ilə Jiva) beynəlxalq səhnəyə hazırlıq çərçivəsində Amsterdam şəhərinə yola düşüb.
Musavat.com xəbər verir ki, müğənni burada keçirilən ənənəvi promo-konsertlərdən birində çıxış edib və müxtəlif ölkələrin təmsilçiləri ilə bir araya gəlib. Gecədə diqqət çəkən məqamlardan biri isə Jivanın Ermənistan təmsilçisi Simon Hovhannisyan ilə səmimi görüntülərinin yayılması olub.
Sosial şəbəkələrdə paylaşılan fotolarda onların mehriban münasibətdə olduqları açıq şəkildə görünür. Bu kadrlar qısa müddətdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi bunu musiqinin sərhəd tanımadığının göstəricisi kimi dəyərləndirsə də, digər qrup istifadəçilər məsələni fərqli prizmadan şərh edərək tənqidi fikirlər səsləndiriblər.
Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə mayın 16-da baş tutacaq.
Azərbaycanı "Avroviziya 2026" mahnı müsabiqəsində təmsil edəcək müğənni Jiva səhnəyə ikinci yarımfinalda 2-ci çıxacaq.
Müğənni ölkəmizi "Just go" mahnısı ilə təmsil edəcək.
Könül
Musavat.com

