AZ

“Adilbərəkət”də nöqsanlar: Agentlik hərəkətə keçdi – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən “Adilbərəkət” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Tribuna.az xəbər verir ki, bu barədə  AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının, eləcə də etiketlənmə ilə bağlı bir sıra tələblərin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə istehsal olunan kəsmik, şor, qatıq və holland pendiri məhsullarının etiketində “təbii inək südündən” istifadə edildiyi göstərilsə də, istehsalat prosesinin müşahidəsi və xammallara dair sənədlər təhlil edilərkən quru süd və bitki yağlarından istifadə edildiyi aşkarlanıb. Habelə şor məhsulunun Bakı şəhərində emal edilməsinə baxmayaraq, üzərində “İsmayıllı şor” ifadəsi yazılıb. Bu da etiketdə qida məhsuluna xas olmayan təsir və ya xassələrin göstərilərək etiket tələblərinin pozulması ilə yanaşı, istehlakçıların aldadılması faktıdır.
Bundan başqa, anbarda döşəmə səthlərinin tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, pasterizasiya avadanlıqlarının və pendir saxlanan qabların korroziya uğradığı, süd məhsullarının antisanitar şəkildə saxlanıldığı, qida məhsulları ilə təmasda olan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, pendirin hazırlanmasında xammal kimi istifadə edilən yağların üzərinin açıq şəkildə saxlanıldığı və digər nöqsanlar aşkarlanıb.
Uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Eyni zamanda, nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Seçilən
2
14
yenilik.az

10Mənbələr