AZ

Müharibə bitdi, məhkəmə yenidən başlayır – “Netanyahu işi”

İsraildə baş nazir Benyamin Netanyahu ətrafında illərdir davam edən korrupsiya məhkəməsi yenidən öz işinə qayıdır.

Musavat.com-un xəbərinə görə, son həftələr İsrail mediasında yayılan məlumatlar göstərir ki, proses İranla gərginlik və təhlükəsizlik vəziyyəti səbəbindən müəyyən fasilələrdən sonra Netanyahunun məhkəmə iclasları yenidən bərpa olunur.

Bu, 2020-ci ildən bəri davam edən və dəfələrlə dayandırılan prosesin artıq yekun mərhələyə yaxınlaşdığı kimi qiymətləndirilir. İsraildə fəaliyyətdə olan baş nazirin üç ayrı korrupsiya işi üzrə mühakimə olunması ölkənin siyasi reallığının ayrılmaz hissəsinə çevrilib.

Müharibədən öncə bu işə ən çox diqqət çəkən məqam prezident İsaak Hersoqun mövqeyi olmuşdu. İsrail mediasının yazdığına görə, Hersoq Davosda keçirilən Dünya İqtisadi Forumunun kənarında Netanyahunun işinin ölkəyə “ağır yük” yaratdığını etiraf etmişdi, “əfv ehtimalı” barədə danışmışdı. Bu, mahiyyət etibarilə məhkəmə prosesinin nəticəsindən əvvəl siyasi çıxış yolunun axtarılması demək olduğundan İsraildə ciddi müzakirələrə yol açmışdı.

İsrail qanunvericiliyinə görə, prezident əfv səlahiyyətinə malikdir, lakin bu səlahiyyət adətən məhkəmə hökmündən sonra tətbiq edilir. Hazırkı vəziyyətdə isə prosesin nəticəsi hələ bəlli olmadan belə bir müzakirənin açılması hüquq və siyasət sərhədlərinin qarışdığına dair ciddi suallar yaradıb. Müzakirələri daha da kəskinləşdirən başqa bir element isə ABŞ prezidenti Donald Trampın mövqeyi idi. Tramp İsrail prezidentinə məktub göndərərək Netanyahunun əfv edilməsini açıq şəkildə dəstəkləmişdi. Müxalif dairələr bunu “məhkəmə sisteminə dolayı təzyiq” kimi qiymətləndirmişdi.

“İş 1000”, “2000” və “4000” Netanyahunun üzləşdiyi ittihamlar üç əsas cinayət işini əhatə edir. Bunlar “İş 1000” – bahalı hədiyyələr və siyasi xidmət müqabilində biznes maraqlarının qorunması; “İş 2000” – media orqanı ilə gizli razılaşma cəhdləri və “İş 4000” – telekommunikasiya nəhəngi ilə milyardlarla İsrail şekeli qarşılığında media dəstəyi sövdələşməsi iddialarıdır. Bu işlər üzrə ittihamlar fırıldaqçılıqdan tutmuş rüşvətə qədər geniş hüquqi çərçivəni əhatə edir və Netanyahunu potensial olaraq ciddi cəza riski ilə üz-üzə qoyur.

Məhkəmə prosesi artıq hüquq zalından çıxaraq küçələrə və ictimai diskussiyaya keçib, cəmiyyəti parçalayıb. “Netanyahu işi” 78 yaşı olan İsrailin tarixində nadir rast gəlinən prosesə çevrilib.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr