“Açıq şəkildə etiraf edilməli olan acı reallıq ondan ibarətdir ki, işğalçı İsrail rejimi atəşkəsə bir öhdəlik deyil, öz hərbi potensialını bərpa etmək və təcavüzkarlığı davam etdirmək üçün müvəqqəti bir alət kimi baxır. Sanki müharibənin dayandırılması bir hədəf deyil, sadəcə hərbi əməliyyatların davamlılığını təmin edən qısamüddətli bir fasilədir”.
Bu sözlər İran səfirliyindən Hafta.az-a daxil olan məqalədə deyilir. Bildirilir ki, ABŞ və İsrailin İrana qarşı apardığı təcavüzkar müharibədə elan olunmuş iki həftəlik atəşkəsə rəğmən, cinayətkar rejim razılaşmanın müddəalarını pozaraq Livana qarşı daha intensiv hücumlara start verib. İsrailin bu anti-humanist addımı dünya ictimaiyyəti qarşısında növbəti dəfə bu sualı aktuallaşdırır: Beynəlxalq prinsiplər və hüquqi öhdəliklər Netanyahu üçün hər hansı bir məna kəsb edirmi?
“Müxtəlif mənbələrin məlumatına görə, genişmiqyaslı insan tələfatı ilə nəticələnən bu hücumlar sadəcə hərbi bir əməliyyat deyil, bu, müharibə şəraitində mülki şəxslərin həyatını qorumaq üçün nəzərdə tutulmuş qaydalara qarşı açıq-aşkar hörmətsizliyin göstəricisidir. Bu qaydalar belə asanlıqla tapdalanırsa, artıq "səhv"dən deyil, davamlı davranış modelindən danışmaq lazımdır” deyilən məqalədə daha mühüm hesab olunan sual edilir: Beynəlxalq birlik "uşaq qatili" olan bir rejimin bu qeyri-insani davranışları qarşısında konkret hansı preventiv tədbirləri görmək niyyətindədir? Nə üçün atəşkəsin ardıcıl pozulması və artan insan itkiləri yalnız məhdud və ehtiyatlı bəyanatlarla qarşılanır? Bu sükut və fəaliyyətsizliyin kökündə nə dayanır? İnsan həyatı beynəlxalq hüquq təsisatları üçün o dərəcədəmi dəyərsizləşib ki, onlar istəmədən sionist rejimin bu cinayət dövriyyəsini davam etdirməsinə kömək edirlər?
Bildirilir ki, əgər beynəlxalq hüquq normaları seçici şəkildə tətbiq olunacaqsa, bu, dünyanın müdafiəsinə iddialı olduğu həmin qaydaların tamamilə legitimliyini itirməsi ilə nəticələnəcək.
Məqalə bu sözlərlə tamamlanıb: “İndi artıq ehtiyatlı ritorika və şablon "narahatlıq" ifadələri dövrü geridə qalıb. Əgər beynəlxalq birlik humanitar prinsiplərə həqiqətən sadiqdirsə, sübut etməlidir ki, beynəlxalq öhdəliklərin pozulması təqsirkarlar üçün ağır siyasi-hüquqi bədələ malikdir və dünya artıq "ikili standartlar" siyasətinə dözmək niyyətində deyil. Əks təqdirdə, geriyə qalan sülh deyil, zorakılıq, ədalətsizlik, dağıntı və cinayətlərin bitmədən davam edən dövriyyəsi olacaq. Bu dövriyyənin əsas qurbanları isə mülki şəxslər, xüsusilə qadınlar, uşaqlar və bəşəriyyətin gələcək qurucuları olacaq”.