AZ

Zərifə Əliyevanın elmi irsi insanpərvərlik və yüksək peşəkarlıq örnəyidir

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Akademik Zərifə Əliyeva Azərbaycan tibb tarixində özünəməxsus yeri olan, fəaliyyəti ilə oftalmologiya elminin inkişafına böyük töhfələr vermiş görkəmli alim və ictimai xadimdir. Onun zəngin elmi irsi, yüksək peşəkarlığı və insanlara olan humanist münasibəti Azərbaycan səhiyyə sisteminin formalaşmasında mühüm rol oynamışdır.

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan Zərifə Əliyeva erkən yaşlarından elmə, təhsilə və insanlara xidmətə böyük maraq göstərmişdir. Orta təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə institutu yüksək göstəricilərlə bitirmişdir. Onun tələbəlik illərində nümayiş etdirdiyi çalışqanlıq, məsuliyyət və biliklərə maraq gələcək elmi fəaliyyətinin əsasını təşkil etmişdir.

Təhsilini başa vurduqdan sonra Zərifə Əliyeva Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlamışdır. Burada Zərifə xanım əvvəlcə elmi işçi, daha sonra isə aspirant kimi fəaliyyət göstərərək oftalmologiyanın aktual problemlərinin araşdırılmasına başlamışdır. Onun ilkin tədqiqatları göz xəstəliklərinin diaqnostikası və müalicəsi ilə yanaşı, xüsusilə traxoma kimi geniş yayılmış infeksion xəstəliklərin öyrənilməsinə yönəlmişdir. Həmin dövrdə traxoma ciddi sosial problem kimi əhalinin sağlamlığına böyük təhlükə yaradırdı. Akademik Zərifə Əliyeva bu xəstəliklə mübarizədə xüsusi fəallıq göstərmişdir. O, yalnız laborator və klinik tədqiqatlarla kifayətlənməmiş, eyni zamanda bölgələrə gedərək xəstələrin müalicəsində birbaşa iştirak etmişdir. Görkəmli alimin təşəbbüsü ilə həyata keçirilən profilaktik və müalicəvi tədbirlər nəticəsində traxomanın yayılma səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır. Bu faktor Azərbaycan səhiyyə tarixində mühüm nailiyyətlərdən biri hesab olunur.

Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri görmə orqanının peşə patologiyası olmuşdur. O, kimya sənayesində və digər istehsal sahələrində çalışan insanların göz sağlamlığını tədqiq etmiş, bu sahədə yeni elmi yanaşmalar irəli sürmüşdür. Onun tədqiqatları nəticəsində göz xəstəliklərinin yaranma səbəbləri, onların profilaktikası və müalicə üsulları daha dərindən öyrənilmişdir. Bu araşdırmalar təkcə nəzəri deyil, həm də praktik tibbi əhəmiyyət daşıyaraq səhiyyə sistemində geniş tətbiq olunmuşdur.

Akademik Zərifə Əliyeva uzun illər pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışaraq gənc həkimlərin yetişdirilməsində mühüm rol oynamışdır. Onun rəhbərliyi ilə bir çox oftalmoloq yetişmiş, bu sahədə yeni elmi məktəb formalaşmışdır. Zərifə xanım tələbələrinə yalnız tibbi biliklər deyil, həm də peşə etikası, humanizm və məsuliyyət hissi aşılamışdır.

Akademik Zərifə Əliyeva 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Onun “Terapevtik oftalmologiya” və digər fundamental əsərləri bu gün də mütəxəssislər üçün dəyərli mənbə hesab olunur. 1981-ci ildə oftalmologiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən Zərifə xanım 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Zərifə Əliyeva yalnız elm sahəsində deyil, ictimai həyatda da fəal iştirak etmişdir. O, müxtəlif elmi cəmiyyətlərin üzvü olmuş, “Bilik” Cəmiyyəti və digər təşkilatlarda səmərəli fəaliyyət göstərmişdir. Zərifə xanımın humanist mövqeyi, insanlara olan diqqəti və qayğısı onu təkcə alim kimi deyil, həm də yüksək mənəviyyata malik ziyalı kimi tanıtmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, akademik Zərifə Əliyevanin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ildə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən birgə silsilə tədbirlər təşkil olunmuşdur.

Bu gün Zərifə Əliyevanın elmi irsi Azərbaycan oftalmologiyasının inkişafında əsas amillərdən biri kimi çıxış edir. Görkəmli alimin yaratdığı elmi məktəb və formalaşdırdığı kadr potensialı müasir səhiyyə sistemində mühüm rol oynayır. Onun adı Azərbaycan tibb tarixində yalnız bir alim kimi deyil, həm də fədakarlıq, insanpərvərlik və yüksək peşəkarlıq nümunəsi kimi əbədiləşmişdir.

Nurlan Həsənov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
sesqazeti.az

1Mənbələr